Azərbaycanın Türkiyə və Özbəkistandakı yeni səfirləri KİMDİR? – DOSYE

Azərbaycanın Türkiyə və Özbəkistandakı yeni səfirləri KİMDİR? – DOSYE

Hazırda oxunan: Azərbaycanın Türkiyə və Özbəkistandakı yeni səfirləri KİMDİR? – DOSYE

627239

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamları ilə Azərbaycanın Türkiyə və Özbəkistana yəni səfirləri təyin edilib. Belə ki, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Rəşad Aslanov isə Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyinat alıb.

Bizim.Media hər iki diplomatın dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Aslanov Türkiyəyə səfir TƏYİN EDİLDİ – SƏRƏNCAM


Rəşad Aslanov


1977-ci ildə anadan olan Rəşad Aslanov peşəkar diplomatik fəaliyyəti çərçivəsində uzun illər Latın Amerikası ölkələrində çalışıb.

Onun diplomatik xidmətində ilk mühüm dövlət mükafatlarından biri 2012-ci ildə təqdim olunub. Prezident İlham Əliyevin 7 iyul 2012-ci il tarixli sərəncamı ilə Rəşad Aslanov diplomatik xidmətdə səmərəli fəaliyyətinə görə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

2016-cı ildən etibarən onun diplomatik karyerasında yeni mərhələ başlayıb. Həmin il sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Bundan cəmi bir ay sonra – 27 oktyabr 2016-cı ildə Azərbaycanın Boliviyadakı, 6 dekabr 2016-cı ildə isə Uruqvaydakı fövqəladə və səlahiyyətli səfiri vəzifələri də ona həvalə edilib. Beləliklə, Rəşad Aslanov eyni vaxtda Cənubi Amerikanın bir neçə mühüm ölkəsində Azərbaycanın diplomatik nümayəndəsi kimi fəaliyyət göstərməyə başlayıb.

2017-ci ildə onun səlahiyyət dairəsi daha da genişlənib. Fevralın 21-də Paraqvayda, mayın 25-də isə Çilidə fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Beləliklə, 2016–2022-ci illərdə Argentina, Boliviya və Uruqvayda, 2017–2022-ci illərdə isə Paraqvay və Çilidə Azərbaycanın maraqlarını təmsil edib.

2022-ci ilin oktyabrında isə Rəşad Aslanov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Məmmədov Özbəkistana səfir təyin olundu – SƏRƏNCAM


Rəşad Məmmədov


Rəşad Məmmədov 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1995-ci ildə ali təhsilini başa vurub. Daha sonra peşəkar hazırlığını davam etdirərək 2004-cü ildə G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasında magistr təhsili alıb. 2020-ci ildə isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində doktoranturanı bitirərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Əmək fəaliyyətinə 1990-cı ildə Ədliyyə Nazirliyinin Aparatında kargüzar kimi başlayıb.

1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib. Goranboy ərazi batalyonunda və Murov istiqamətində yerləşən hərbi hissədə döyüş yolu keçərək müharibə veteranı adını qazanıb.

Müharibədən sonra fəaliyyətini hüquq-mühafizə orqanlarında davam etdirib. 1995–1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda mühafizə bölməsinin rəisi, 1996–2000-ci illərdə isə Bakı Hərbi Prokurorunun köməkçisi olub.

2000-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinə keçərək MDB İdarəsində attaşe kimi diplomatik fəaliyyətə başlayıb.

2001–2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində üçüncü və ikinci katib vəzifələrində çalışıb.

2006–2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində Konsulluq hüququ məsələləri şöbəsinin müdiri olub.

2008-ci ildə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğuna göndərilib və əvvəlcə baş konsul vəzifəsini icra edib. 2010-cu ildə Prezident sərəncamı ilə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi alıb, elə həmin ildən 2015-ci ilədək Aktauda baş konsul kimi fəaliyyət göstərib.


2015-ci ildə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Altı il davam edən fəaliyyəti dövründə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında mühüm rol oynayıb. 2017-ci ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub və 2026-cı ilədək bu vəzifədə çalışıb.

O, diplomatik fəaliyyəti ərzində həm Azərbaycanda, həm də xarici ölkələrdə bir sıra yüksək dövlət mükafatlarına layiq görülüb. 2019-cu ildə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən II dərəcəli "Dostluq" ordeninə, həmçinin Qazaxıstan və TÜRKSOY-un müxtəlif medal və fəxri mükafatlarına layiq görülüb.

İngilis və rus dillərini sərbəst bilir. Evlidir, üç övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO