Bəli, doğrunun ölçü-biçisi, gerçək həqiqətlərin təsdiqini tapdığı bir mütləq ölçü vahidi olduğu kimi, yalanın da bir əndazəsi olmalıdır! "Babam mənə kor deyib, gəlib - gedəni vur deyib" fəlsəfəsinə söykənən zərərli bir deyimdən yapışıb, kimdən xoşun gəlmir, çamur at, barəsində hədyan söylə, birdən kimsə inandı, əlahəzrət sözü nimdaş qaraçı paltarı kimi eninə - uzununa sürü, ilkin mənasından ayırıb təzə rəng qataraq başını aşağı salıb səlahiyyəti çərçivəsində vəzifəsini ləyaqətlə yerinə yetirən, dövlətinə, xalqına sədaqətlə və usanmadan xidmət edən vicdan sahiblərinə püskürt... Və atdıqları çamur, mayaladıqları süd hələ uyuşmamış bumeranq effektiylə indi sözün əsl və ilkin mənasında əlahəzrət dipdiri faktlarla çamur atanın üstünə qayıdanda zavallı muzdlu mirzələr mağmın - mağmın “ağalarının”x9d üzünə baxa - baxa qalırlar. İllərdir bu şər kampaniyasından bezib əl çəkməyən dırnaqarası ədalət carçıları görəsən böhtan atdıqlarının demirəm, İlahinin qəzəbindən qurtula biləcəklərmi?! İnanmıram, çünki zaman çox mətləbləri saf-çürük edib, bu cür şər üyüdən dəyirmanların dəhnəsini boş qoyub.
Bu günlərdə pusquda dayanıb fürsət gözləyən bu fəndgirlər yeni bir “daşdan keçən fakt”x9d tapıblar: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin haqlı olaraq ifşa etdiyi keçmiş diplomatı - Anar Həsənov adlı birisini dövlətimizi üç ölkədə - Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinada ləyaqətlə təmsil edən Eldar Həsənovun yedəyinə bağlamağa cəhd ediblər. Bəs deməzsənmi, soyadlar eynidir, deməli, Eldar Həsənovun ya qohumudur, ya da yerlisi. Çifayda, cənablar, bu yeni fantaziyanızın da hər detalı ən zəif tənqidə belə dözümsüzdür! Hə, onda yeni “əşyayi-dəlil”x9d: Bu Anar Həsənov 2009 - cu ildə Rumıniyada Eldar Həsənovun tabeçiliyində çalışmışdır. Bəli, bu dəliliniz həqiqətdir. Dogrudan da Anar Eldar müəllimin səfir olduğu ölkədə diplomat kimi çalışmışdır. Özü də heç 11 ayı tamam olmamış elə həmin Eldar Həsənovun XİN - ə yazdığı məktubla geri çağırılmış və XİN sıralarından qovulmuşdur. Deməli, bu A. Həsənov Rumıniyada çalışarkən işində ciddi nöqsanlara yol verdiyi üçün cənab səfir XİN - ə belə də yazmışdır: Peşəkarlığı, təcrübəsi və digər (bu digərləri yəqin ki, XİN-də yaxşı bilirlər) keyfiyyətləri Anar Həsənovun diplomat kimi çalışmasına imkan vermir, ona görə də xahiş edib ki, onu XİN sıralarından xaric etsinlər. Belə də olur və sonralar heç Eldar Həsənovun da xəbəri olmadan bu adamı kiminsə köməyi ilə diplomatik işə qaytarırlar. Və yenidən XİN rəhbərliyinin prinsipalliğı nəticəsində o diplomatik fəaliyyətdən qovulur...
Bax, əziz oxucu və yoxlanılmamış, kimlərinsə hikkəsinin məhsulu olan şayiələri sizlərin diqqətinə pərçim etməyə cəhd edən “mirzələr”x9d, əsl həqiqət budur! Əgər Eldar Həsənov kimi peşəkar və prinsipal səfir vaxtında tabeçiliyində çalışan adamı yol verdiyi ciddi nöqsanlara, diplomatik fəaliyyətə layiq olmadığı üçün qovubsa, bunda cənab Eldar Həsənovun nə günahı? Və yaxud məgər E. Həsənovun günahıdır ki, ölkəmizdə Həsənov soyadını daşıyan çox sayda məmur, deputat, alim, diplomat çalışır, xeyli sadə peşə adamı yaşayır! Sizin çürük məntiqinizdən belə çıxır ki, hansısa Həsənov soyadlı kimsənə hardasa bir qəbahət iş törədibsə, onu dərhal E. Həsənova baglamaq lazımdır... Vallah - billah bu yanaşmanızı təqdir edəcək bir adam da tapmazsınız. Çalışın yazdıqlarınızın içində bir azca həqiqət payı da olsun. Bu da məndən sizə bir xatırlatma!
İlham Məmmədli
yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru
































































































