
- A-
- A
- A+
Firudin Qurbanov: “Türkiyədə ibtidai məktəblərdə şagirdlərin məktəb daxilində başıaçıq olması nəzərdə tutulur”
“Geyim tələbi ilə bağlı bütün dünyada tətbiq olunan vahid model yoxdur. Müxtəlif ölkələr bu məsələyə öz hüquq sistemi, məktəb ənənələri və ictimai ehtiyacları əsasında yanaşırlar”.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun “apa.az”a müsahibəsində məlumat verib.
O bildirib ki, Qırğızıstan Respublikasında Hökumət qərarı ilə I–XI sinif şagirdləri üçün klassik üslubda geyim tələbləri müəyyənləşdirilib:
“Türkmənistanda məktəblilər üçün müəyyən edilmiş vahid milli geyim ənənəsi tətbiq olunur. Qızlar yaşıl don və ağ önlükdən, oğlanlar isə kostyum və qalstukdan istifadə edirlər.
Qazaxıstanda məktəbli formasında müxtəlif dini konfessiyalara mənsubluğu göstərən geyim elementlərindən istifadəyə icazə verilmir. Tacikistan Respublikası Təhsil və Elm Nazirliyinin Kollegiyasının qərarı ilə şagirdlər, tələbələr və müəllimlər üçün tövsiyə olunan geyim qaydaları təsdiqlənib. Həmin sənəddə təhsil müəssisələrində klassik geyim üslubuna üstünlük verilir, xarici görünüşə dair müəyyən məhdudiyyətlər, o cümlədən dini xarakterli baş örtüklərinə münasibətdə tələblər nəzərdə tutulur.
Hətta Türkiyədə də bununla bağlı hüquqi tənzimləmə mövcuddur. Şagirdlərin geyim və xarici görünüşünü müəyyən edən müvafiq əsasnaməyə əsasən, məktəbəqədər təhsil müəssisələrində və ibtidai məktəblərdə şagirdlərin məktəb daxilində başıaçıq olması nəzərdə tutulur.
Bütün bu nümunələr göstərir ki, vahid məktəbli geyimi təhsil mühitinin təşkilində beynəlxalq praktikada da istifadə olunan vasitələrdən biridir. Bu qaydaların məqsədi şagirdlərin şəxsi seçimlərini müzakirə etmək deyil. Məqsəd məktəbdə təhsilin mahiyyətinə uyğun, nizam-intizamın və qarşılıqlı hörmətin qorunduğu, bütün təhsilalanlar üçün vahid yanaşmaya əsaslanan mühitin formalaşdırılmasıdır”, - deyə nazir müavini qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































