“Kosmetik məhsul alarkən sağlamlığı qorumaq və saxta məhsullardan yayınmaq üçün onun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına və son istifadə tarixinə diqqət yetirmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov bildirib.
Həkim bildirib ki, istehlakçı məhsulun təhlükəsizliyinə şübhə yarandıqda satıcıdan gigiyenik sertifikatı tələb edə bilər.
Onun sözlərinə görə, həmçinin məhsulun tərkibi diqqətlə oxunmalıdır. Həssas dərili şəxslərdə bəzi qoruyucular, sulfatlar və sintetik ətir qatqıları allergik reaksiyalara səbəb ola bilər. Saxta kosmetik məhsullarda isə qurğuşun və civə kimi ağır metalların normadan artıq olması riski var.
Həkim vurğulayıb ki, kosmetik vasitələrin saxlanma şəraitinə də diqqət yetirmək vacibdir. Məhsullar birbaşa güclü işıq və istilik mənbəyinin altında saxlanılmamalıdır. İstilik kosmetik vasitələrin strukturunu dəyişdirərək onların vaxtından əvvəl yararsız hala düşməsinə səbəb ola bilər.
Fəridə, Bizim.Media





































































































