Uşaqların dərisi daha həssas olduğundan məhsulların tərkibinə xüsusi diqqət yetirilir. Salisil və borat turşuları və onların duzlarının uşaq kosmetikasında istifadəsinə yol verilmir.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov bildirib.
Həkim bildirib ki, həmçinin qurğuşun, civə, arsen və asbest kimi toksik maddələr olmamalıdır. Onun sözlərinə görə, məhsulların formulasının mümkün qədər sadə olması, güclü ətir və rəngləndiricilərdən minimum istifadə edilməsi tövsiyə olunur.
Uşaq şampunlarının gözləri qıcıqlandırmayan (“No Tears”) formulda olması məqsədəuyğundur.
Kosmetik vasitələrdə infeksiya törədən bəzi bakteriya və göbələklərin, o cümlədən Pseudomonas aeruginosa, Staphylococcus aureus və Candida albicans-ın aşkarlanmasına yol verilmir.
Valideynlər məhsulun qablaşdırmasında göstərilən yaş məhdudiyyətinə diqqət etməli və kosmetik vasitələrdən uşaqların yaşına uyğun istifadə olunmasını təmin etməlidirlər.
Fəridə, Bizim.Media





































































































