Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanla sülh prosesini müzakirə etdi – FOTO

Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanla sülh prosesini müzakirə etdi – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov ATƏT sədri ilə Ermənistanla sülh prosesini müzakirə etdi – FOTO

629229

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan İsveçrə Xarici İşlər Federal Departamentinin rəhbəri, hazırkı ATƏT sədri İnyasio Kassis ilə geniş tərkibdə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlər, İsveçrənin ATƏT sədrliyi çərçivəsində prioritetləri, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, eləcə də regiondakı postmünaqişə vəziyyəti və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi müzakirə olunub.
 

Nazirlər qeyd ediblər ki, gələn il Azərbaycan və İsveçrə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünü qeyd edəcəklər. Bu mühüm mərhələ son üç onillik ərzində formalaşmış tərəfdaşlıq münasibətlərinin nəzərdən keçirilməsi üçün imkan kimi qiymətləndirilib.


Tərəflər yüksək səviyyəli təmasların davam etdirilməsinin və xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıblar. Bu baxımdan Bakıda cari ilin aprel ayında keçirilən siyasi məsləhətləşmələrin növbəti raundunun əhəmiyyəti qeyd edilib.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti çərçivəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb. Enerji sektorunun iki ölkə arasındakı iqtisadi münasibətlərin əsas istiqamətlərindən biri olduğu bildirilib. Bu kontekstdə SOCAR Energy şirkətinin İsveçrədə uğurlu fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi kimi qeyd olunub.

Nazirlər mədəniyyət, təhsil və elm sahələrində əlaqələrin gücləndirilməsinin xalqlar arasında münasibətlərin inkişafı üçün mühüm rol oynadığını vurğulayıblar.

Azərbaycan İsveçrənin ATƏT sədrliyi çərçivəsində elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji və rəqəmsal təhlükəsizlik istiqamətlərinə xüsusi diqqət yetirməsini müsbət qiymətləndirib.

Ceyhun Bayramov bildirib ki, ATƏT regionda təhlükəsizlik sahəsində getdikcə mürəkkəbləşən vəziyyət fonunda hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş coğrafi iştirakçı tərkibindən tam istifadə etməlidir.

Azərbaycan XİN rəhbəri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə də toxunaraq, həmkarına sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında faktiki formalaşmış sülh vəziyyəti və etimad quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verib.

Bayramov bildirib ki, ikitərəfli format çərçivəsində əldə olunan irəliləyiş bu yanaşmanın effektivliyini bir daha göstərir.

Görüşdə Azərbaycanın ərazilərinin minalarla və digər partlayıcı qalıqlarla geniş miqyasda çirklənməsi məsələsinə də xüsusi diqqət ayrılıb. Nazir bu problemi ölkənin ən aktual humanitar çağırışlarından biri kimi qiymətləndirib və ATƏT-in öz mandatı və imkanları çərçivəsində bu istiqamətdə praktiki dəstəyinin vacibliyini vurğulayıb.

Tərəflər Ukraynadakı vəziyyət, Yaxın Şərqdə baş verən hadisələr və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO