Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Hazırda oxunan: Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

610611

Avropa siyasi institutlarında Azərbaycan əleyhinə illərdir davam edən informasiya və siyasi təzyiq kampaniyalarının pərdəarxası ilə bağlı yeni faktlar ortaya çıxıb.

Belə ki, “Minval Politika”nın yaydığı son videomateriallar bu prosesin təsadüfi deyil, əksinə, planlı, maliyyələşdirilən və çoxşaxəli bir mexanizm əsasında qurulduğunu bir daha təsdiqləyib. Artıq söhbət ayrı-ayrı bəyanatlar və ya siyasi mövqelərdən yox, koordinasiyalı fəaliyyət göstərən bütöv bir təsir şəbəkəsindən gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” – VİDEO


Bu şəbəkənin mərkəzində isə uzun müddət beynəlxalq hüquq sistemində “nüfuzlu fiqur” kimi tanınmış sabiq prokuror Luis Moreno Okampo dayanır. Lakin ortaya çıxan faktlar göstərir ki, onun fəaliyyəti hüquqi prinsiplərdən çox, konkret siyasi və maliyyə maraqlarına xidmət edən alətə çevrilib.

Etiraflar və ifşa olunan mexanizm

Yayımlanan videolarda Okampo faktiki olaraq Azərbaycana qarşı aparılan kampaniyada iştirakını açıq şəkildə etiraf edir. O, yalnız bu fəaliyyətin bir hissəsi olduğunu deməklə kifayətlənmir, həm də arxasında dayanan maliyyə və təşkilati strukturlar barədə konkret detallar açıqlayır.

Ən diqqətçəkən məqam isə maliyyələşmə mənbələri ilə bağlıdır. Okamponun sözlərindən belə aydın olur ki, kampaniyanın ilkin mərhələsində maliyyə ABŞ-dakı erməni mənbələrindən təmin olunub. Daha sonra isə bu proses daha sistemli xarakter alaraq Rusiyada yaşayan varlı erməni diaspor nümayəndələrinin iştirakı ilə davam etdirilib. Hətta bu məqsədlə xüsusi kanalların yaradıldığı da etiraf olunur.

Bu, erməni diasporunun Avropa siyasi institutlarında təsir imkanlarının, konkret maliyyə mexanizmlərinin ifşasıdır.

“Rusiya izi” – Vardanyan və Karapetyan xətti ilə maliyyələşmə

Okamponun açıqlamalarında xüsusi vurğulanan məqamlardan biri də maliyyələşmədə anonimliyin qorunmasıdır. Onun sözlərinə görə, bu prosesdə iştirak edən şəxslər “Rusiya ilə problem yaşamamaq üçün” qapalı mexanizmlərə üstünlük verirlər.
 

Bu yanaşma iki mühüm məqamı üzə çıxarır. Birincisi, maliyyə axınlarının şəffaflıqdan kənar, qeyri-rəsmi kanallar vasitəsilə həyata keçirilməsi bu fəaliyyətin hüquqi deyil, daha çox kölgə iqtisadiyyatı və siyasi manipulyasiya xarakteri daşıdığını göstərir. İkincisi isə, Rusiyada yerləşən və ya Rusiya ilə əlaqəli biznes dairələrinin bu prosesdə dolayısı ilə iştirak etməsi regiondakı geosiyasi rəqabətin yeni ölçülərini ortaya qoyur.


Mümkün maliyyə mənbələri sırasında adı hallanan şəxslər də bu ehtimalları gücləndirir. Xüsusilə biznesmen Samvel Karapetyanın adı bu kontekstdə diqqət çəkir. Onun adının keçmişdə Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz layihələrdə iştirakda hallanması bu gün baş verən proseslərlə müəyyən paralellər aparmağa imkan verir.

Eyni zamanda, Ruben Vardanyanın adı da bu kontekstdə çəkilir. Hazırda Bakıda həbsxanada saxlanılmasına baxmayaraq, onun yaratdığı fondların fəaliyyətini davam etdirməsi və bu fəaliyyətin Azərbaycana qarşı informasiya kampaniyaları ilə əlaqələndirilməsi diqqətəlayiq məqamdır.

Avropa Parlamenti erməni lobbisinin oyuncağı rolunda

Okamponun etirafları yalnız Avropa Parlamentindəki korrupsiya sxeminin ifşası ilə məhdudlaşmır. O, eyni zamanda Avropa siyasi institutlarında malik olduğu təsir imkanlarını da açıq şəkildə dilə gətirir. Okampo etiraf edir ki, Avropa diplomatiyasının keçmiş rəhbərlərindən biri olan Cozef Borrel və digər bəzi fiqurlar vasitəsilə Avropa Parlamentində çıxışlar təşkil etmək, suallar qaldırmaq və hətta Avropa Komissiyasına təzyiq göstərmək mümkündür.

Bu etiraflar Avropanın daim təbliğ etdiyi dəyərlərin sadəcə “siyasi alət” olduğunu da açıq şəkildə ortaya qoyur. Daha dəqiqi, sözügedən “dəyərlər” gizli kanallar vasitəsilə qurulan korrupsiya sxemlərini gizlətmək üçün pərdə rolunu oynayır.

Ermənistandakı seçkilərə hibrid müdaxilə

Ortaya çıxan faktlar göstərir ki, Azərbaycana qarşı fəaliyyət artıq klassik təbliğat çərçivəsini çoxdan aşaraq hibrid hücum mərhələsinə keçib. Bu hücumun əsas komponentləri isə informasiya manipulyasiyası, siyasi təzyiq, maliyyə təsiri və beynəlxalq institutların alətə çevrilməsidir.
 

Eyni zamanda, bu şəbəkələr yalnız Azərbaycana qarşı deyil, Ermənistanın daxili siyasi proseslərinə də təsir etməyə çalışır. Xüsusilə parlament seçkiləri ərəfəsində bu cür kampaniyaların aktivləşməsi təsadüfi deyil.


Okamponun maliyyələşmənin “ən azı may ayına qədər” təmin olunduğunu bildirməsi xüsusi diqqət çəkir. Bu tarix Ermənistanın siyasi təqvimində mühüm mərhələ – parlament seçkiləri ilə üst-üstə düşür.

Üstəlik, hazırda Ermənistanda həbsdə olan Samvel Karapetyan seçkilərdə Paşinyana əsas rəqib kimi təqdim olunur. 

Bu isə belə qənaətə gəlməyə əsas verir ki, aparılan kampaniya təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Ermənistanın daxili siyasi balansına təsir göstərmək məqsədi daşıyır. Daha əvvəl yayılan materiallarda Okamponun oğlu Tomasın Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi ilə bağlı səsləndirdiyi fikirlər də bunu təsdiq edir.

Beləliklə, ortaya çıxan mənzərə göstərir ki, bu fəaliyyət yalnız xarici informasiya təzyiqi deyil, həm də konkret siyasi nəticələrə hesablanmış müdaxilə mexanizmidir.

Maddi marağa qurban verilən “dəyər”lər

Bütün bu faktlar bir daha sübut edir ki, uzun illər “demokratiya”, “insan hüquqları” və “ədalət” kimi anlayışlar üzərindən formalaşdırılan siyasi ritorika əslində çox vaxt pərdə rolunu oynayır. Onun arxasında isə konkret maliyyə maraqları, lobbi fəaliyyətləri dayanır.

Luis Moreno Okampo nümunəsi isə bu sistemin necə işlədiyini açıq şəkildə göstərir. Bir vaxtlar “beynəlxalq hüququn simvolu” kimi təqdim olunan bir fiqurun erməni lobbisinin təsiri altında siyasi kampaniyaların icraçısına çevrilməsi təkcə fərdi transformasiya deyil, həm də bütöv bir sistemin deqradasiyasının göstəricisidir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO