Muğandan Lerikə gedən çobanlar bütün sirləri açıb tökdülər – Köç zamanı nə baş verir? - REPORTAJ

Hazırda oxunan: Muğandan Lerikə gedən çobanlar bütün sirləri açıb tökdülər – Köç zamanı nə baş verir? - REPORTAJ

75784

Muğanda bu il örüşlərdə heyvanlar üçün yem ehtiyatı erkən tükənib. Ona görə də mal-qara təsərrüfatlarında bir ay tez köç mövsümünə başlamağa qərar veriblər.

Artıq bir neçə gündür ki, çobanlar sürülərini yaylaqlara doğru haylayıb. Biləsuvardakı qışlaqlardan yol götürüb Lerikə doğu üz tutan sürülər bir neçə gün hərəkətdə olacaq. 

Bizim.Media-nın əməkdaşı Cənub bölgəsində köç edən fermerlərə yol yoldaşlığı edib. Onlardan köç sirlərini öyrənib.

Arada yemək fasiləsi zamanı baş çoban Yaşar Məmmədovla söhbət edirik. Baş çoban deyir ki, bu il havalar əlverişsiz keçdiyi üçün çöllərdə yem ehtiyatı yetərincə olmadı.

On görə də bu il hardasa köçə bir ay tez başlamışıq. Çoban onu da söylədi ki, köçəri həyatı yaşamaq fərqli və çətin işdir. Bu işi də gərək könüldən sevəsən:

“Hər gün sürünün arxası ilə düşmək, heyvanları qardan, yağışdan qorumaq sizə asan gəlməsin. Biz çətinliklərdən keçib bu işə ömür-gün sərf etmişik. İndi az qala hər buludun, hər davarın dilini öz balamızdan daha yaxşı anlayırıq”.
Yaşar Məmmədov deyir ki, köçü haylamamışdan çox erkən gərək sürünü bir ağız otladasan ki, ayaqlarında təpər olsun:

“Sonra günəş doğmamış yola çıxasan. Qışlaq yerində yır-yığışını səliqəli eləməlisən, od-ocağı gözdən keçirməlisən, yola azuqə götürməlisən. Sürüdə, naxırda axsağı, körpəni nəzərdən keçirməlisən. Çoban itlərini sürü boyu xarakterinə uyğun paylaşdırmalısan. Öndə gedən çobanla itin xasiyyəti də uyğun gəlməlidir. Arxada daha qayğıkeş iti və təcrübəli çobanı saxlamalısan. Sürünün ortasında da bu işi bilən köçün bütün konturlarını görən adam olmalıdır”.

Çoban Yaşar deyir ki, elə bilirsiniz, qoyun otarmaq dum-dum halvasıdır. Bunun da bir elmi var:

“İndi hava nə Muğanda, nə də yaylaqda əlverişlidir. Bir az erkən çıxmışıq yola, amma yaylaqlarda hava soyuqdur, yağış-tufan var. İndi elə etməliyik ki, yaylaqlara 10-15 gün sonra yetişək. O baxımdam yolu-izi, qarşıdakı örüş yerlərini tanımalıyıq ki, 10-15 günü yolda keçirək və sürünü nə ac qoyaq, nə də təhlükəyə ürcah olsun”.

Yaşar kişi deyir ki, köçdə hər kəsin öz işi var. Qoyuna baxmaq, yemək-içmək qayğısına qalmaq, bunlar hamısı bölgülüdür:

“Nizamdan çıxmaq olmaz. Çölçülük olsa da, qaydası-qanunu sərtdir. Gecələri çöldə gecələmək, sürünü salamatına baxmaq lazımdır. Bunların hamısı təcrübə qarışıq, sevgi də istəyir. Çöldə isə daşın da dili var. Hansı daşın altından nə çıxacaq, bilməlisən”.

Digər çobanlar da köç mövsümünün ən məsuliyyətli dövr olduğunu deyirlər. Sürünü yaylağa-qışlağa götürəndə qoyun-quzunun da sağı-salamatı üzə çıxır, xəstəsi agah olur. Əsas məsələ sürünü yaylağa sağ-salamat çatdırmaqdır: 

“Gecələr növbə çəkirik, itlərimizlə birlikdə mal-davarı yırtıcılardan qoruyuruq. Yaylağa çatandan sonra gündəlik iş qayğılarımız sıralanır. Dağların qoynu etibarlıdır, dilini də bilirik, felini də”. 

Köç zamanı gördük ki, sürüdə xeyli yeni doğulan quzular da var. Ona görə də sürünü xüsusi avtomobillər də maüayiət edir. Bu avtomobillər yeni doğulmuş quzuları mənzil başına çatdırmaq üçün nəzərdə tutulub. 

Yemək fasiləsini başa vurub köç yenidən yola düzəlməyə hazırlaşır. Biz də çobanlarla söhbətimizi başa vurub sağollaşırıq. 

Köç isə atı, iti, arabası ilə Lerik dağlarına doğru tələsmədən yol alır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO