Füzuli rayonunun Pirəhmədli kəndində həyata keçirilən yenidənqurma layihəsi üzrə tikinti işləri planlaşdırılmış qrafikə uyğun davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva məlumat verib.
Onun sözlərinə görə, layihə çərçivəsində kəndin müasir yaşayış məntəqəsi kimi formalaşdırılması, sakinlərin rahat və təhlükəsiz yaşayış şəraiti ilə təmin olunması nəzərdə tutulur.
Bildirilib ki, ümumilikdə layihə 89,63 hektardan çox ərazini əhatə edir. Burada 347 fərdi yaşayış evinin, həmçinin 277 mənzilli, dördmərtəbəli 8 yaşayış binasının inşası planlaşdırılır.
Təranə Quliyeva qeyd edib ki, layihənin ilkin mərhələsi 74,69 hektar ərazini əhatə edir. Bu mərhələdə nəzərdə tutulan 280 fərdi yaşayış evindən 146-sının tikintisinin cari ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Onun sözlərinə görə, birinci mərhələdə 280 ailənin Pirəhmədli kəndinə köçürülməsi nəzərdə tutulur.
Hazırda fərdi yaşayış evləri ilə yanaşı məktəb, uşaq bağçası, tibb məntəqəsi və inzibati bina kimi sosial təyinatlı obyektlərin tikintisi də davam etdirilir. Bununla yanaşı, kənddaxili yolların, mühəndis-kommunikasiya xətlərinin və digər infrastruktur layihələrinin icrası istiqamətində hazırlıq işləri aparılır.
"Məqsədimiz Pirəhmədli sakinlərinin doğma yurdlarına ən qısa zamanda təhlükəsiz və rahat qayıdışını təmin etməkdir", – deyə Təranə Quliyeva vurğulayıb.




Bizim.Media





































































































