
- A-
- A
- A+
4 ölkədəki seçkilər dünyanı dəyişəcək? – “The Guardian”ın TƏHLİLİ
Dörd ölkədə keçirilən seçki kampaniyaları dünya siyasətində qüvvələr nisbətinə təsir göstərə və avtoritar idarəetmə modellərinin nə dərəcədə gücləndiyini üzə çıxara bilər.
Bizim.Media xəbər verir ki, “The Guardian” nəşri “Dünyanı silkələyə biləcək on gün: dörd əsas seçkidə demokratik normalar təhlükə altındadır” başlıqlı məqalə dərc edib.
Nəşr İsveçin V-Dem institutunun məlumatlarına istinadən bildirir ki, dünyada demokratik azadlıqların səviyyəsi 1978-ci ilin göstəricilərinə qədər geriləyib.
Məqalədə baş verənlər demokratiya tərəfdarları ilə hakimiyyətdə olan və ya hakimiyyətə gəlməsi ehtimal edilən avtokratlar arasında qarşıdurma kimi təqdim olunur. Braziliyada prezident postu uğrunda Luis İnasio Lula da Silva ilə keçmiş dövlət başçısı Jair Bolsonaronun oğlu Flavio Bolsonaro mübarizə aparıb. Jair Bolsonaro dövlət çevrilişinə cəhdə görə məhkum edilib.
Serbiyada isə Aleksandr Vuçiçin hakim partiyası Novi-Saddakı faciədən sonra formalaşan etiraz hərəkatının müqaviməti ilə üzləşib. Dəmiryol vağzalında talvarın uçması nəticəsində 16 nəfər ölmüşdü.
“The Guardian” bu seçki kampaniyaları arasında əlaqəyə də diqqət çəkir. Məqalədə bildirilir ki, Donald Trampın “Amerikanı yenidən möhtəşəm edək” (MAGA) hərəkatı Benyamin Netanyahuya, Aleksandr Vuçiçə və Bolsonaro ailəsinə dəstək verir. Müəlliflərin fikrincə, bir ölkədə sağçı qüvvələrin qələbəsi digər dövlətlərdəki müttəfiqlərinin mövqelərini gücləndirəcək. Demokratik namizədlərin uğuru isə əksinə, onlara yeni təkan verəcək.
Məqalədə Braziliyada prezident seçkilərinin başa çatdığı və Ali Seçki Məhkəməsinin bütün protokolları hesabladıqdan sonra ikinci turda Lula da Silvanın 51,79 faiz səslə qalib gəldiyi qeyd edilir.
Serbiyada da siyasi qüvvələrin nisbətinin dəyişdiyi bildirilir. Keçmiş prezident və Serbiya Tərəqqi Partiyasının rəhbəri Aleksandr Vuçiç parlament seçkilərində siyasi birliyinin məğlubiyyətini açıq şəkildə etiraf edib.
O, jurnalistlərə açıqlamasında “Aydındır ki, bu seçkiləri uduzmuşuq. “Tələbə siyahısı” qalib gəlib. Onların 135–140 mandatı, bizim isə təxminən 105 mandatımız olacaq”, – deyib.
İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Hakim “Likud” partiyası Benyamin Netanyahunu baş nazir postuna namizəd kimi irəli sürüb. Donald Tramp da onun yenidən seçilməsinə açıq dəstək verərək, namizədə tam və qeyd-şərtsiz dəstək göstərdiyini bildirib.
ABŞ-da isə noyabrın 3-də aralıq seçkilər keçiriləcək. Seçkilər nəticəsində Konqresin yeni tərkibi formalaşacaq. Amerikalılar Nümayəndələr Palatasının 435 üzvünü və 35 senatoru seçəcəklər. Bu səsvermə Respublikaçılar Partiyası və Ağ Evə qayıtmış Donald Tramp üçün hazırkı siyasi dövrün ilk ümummilli seçki sınağı olacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































