Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, jurnalistlər Yaxın Şərqdə baş verənləri həddən artıq şişirdirlər və hər şeyi olduqca qorxulu rəngdə təqdim edirlər. Onun sözlərinə görə, ABŞ-ın atdığı addımlar Vaşinqtonu müsbət rolda göstərmir, lakin bunu İran üçün tam fəlakət kimi təqdim etmək də düzgün deyil. Lukaşenko qeyd edib ki, İranın hərbi imkanları ABŞ-la müqayisə olunacaq səviyyədə deyil, amma hadisələr göstərdi ki, Amerikanın da imkanları sonsuz deyil.
Bizim.Media xəbər verir ki, Lukaşenko bu fikirləri RT jurnalisti Rik Sançesə müsahibəsində səsləndirib.
O bildirib ki, ABŞ Yaxın Şərqdə öz gücünü nümayiş etdirməyə çalışsa da, nəticədə bütün dünyaya bir daha göstərib ki, Vaşinqton “superdövlət” olsa da, “supergüc” deyil.
Belarus liderinin qənaətinə görə, ABŞ-ın İrana qarşı atdığı addımlar dünyaya, xüsusilə də Çin və digər böyük aktorlara Amerikanın sərhədsiz imkanlara malik olmadığını nümayiş etdirib.
Lukaşenkonun sözlərinə görə, Yaxın Şərqdə yaşanan son böhran bir şeyi açıq göstərdi: burada aydın qalib tərəf olmayacaq. O hesab edir ki, tərəflərdən heç biri bu qarşıdurmadan tam qələbə ilə çıxa bilməz, çünki regionda hərbi və siyasi gərginlik çoxşaxəlidir və nəticələr hər kəs üçün ağır ola bilər. Bu baxımdan Belarus prezidenti baş verənləri birtərəfli qələbə kimi təqdim etməyin yanlış olduğunu deyib.
Belarus lideri müsəlman dünyasının reaksiyasına da toxunub. O qeyd edib ki, Yaxın Şərqdəki proseslər İslam ölkələrində ciddi narahatlıq yaradıb və regiondakı hadisələr müsəlman aləmini xeyli dərəcədə silkələyib.
Lukaşenko bu fonda hesab edir ki, ABŞ rəhbərliyi baş verənlərdən nəticə çıxarmalı, başqa dövlətlərin də maraqlarını nəzərə almağa başlamalıdır. Onun fikrincə, əgər Vaşinqton doğrudan da İranda gözlədiyi nəticəni ala bilməyibsə, bu, gələcəkdə daha ehtiyatlı davranmaq üçün siqnal olmalıdır.
Lukaşenko əlavə edib ki, ABŞ Yaxın Şərqdəki bu böhran vasitəsilə öz həqiqi simasını göstərib.
Bununla yanaşı, o, Donald Trampın da bu prosesdə paradoksal şəkildə dünyaya Amerikanın hər şeyə qadir olmadığını göstərdiyini deyib. Belarus prezidentinin fikrincə, əgər Vaşinqton bunu anlasa, gələcəkdə təkcə öz maraqları ilə deyil, başqa ölkələrin maraqları ilə də hesablaşmağa məcbur olacaq.
Bizim.Media



































































































