Yeniyetmələrdəki bu problem onurğa əyriliyinə səbəb OLA BİLƏR

Yeniyetmələrdəki bu problem onurğa əyriliyinə səbəb OLA BİLƏR

Hazırda oxunan: Yeniyetmələrdəki bu problem onurğa əyriliyinə səbəb OLA BİLƏR

608180

Yeniyetmələrdə skolioz ənənəvi olaraq sırf ortopedik problem hesab edilsə də, Novqorod Dövlət Universiteti alimləri bu yanaşmaya alternativ yeni hipotez irəli sürüblər. 

Bizim.Media “gazeta.ru”ya istinadla xəbər verir ki, onların fikrincə, yeniyetmələrdə skoliozun yaranmasına stress və bədən qavrayışının pozulması da təsir göstərə bilər. 

Yeniyetmə idiopatik skoliozu böyümə dövründə meydana çıxan ən geniş yayılmış onurğa deformasiyalarından biridir.

Onun yayılma səviyyəsi 5 faizə qədər çatır. Xəstəlik çiyinlərin, kürək sümüklərinin və bel nahiyəsinin asimmetriyası, çanağın qeyri-bərabərliyi, bel əzələlərinin tez yorulması və əyilərkən qabırğaların mövqeyinin dəyişməsi ilə özünü göstərir.
 

Tədqiqatçılar neyrobiologiya, psixologiya, biomexanika və ortopediya sahələrini əhatə edən 225 elmi işi təhlil ediblər. Onların qənaətinə görə, onurğa əyriliyinə yalnız anatomik və biomexaniki xüsusiyyətlər deyil, həm də mərkəzi sinir sistemi təsir edir. Xüsusilə, sensor-motor inteqrasiyanın — yəni beynin bədəndən gələn siqnalları emal etmə, yarımkürələrarası qarşılıqlı əlaqə və stressə reaksiyanın — pozulması mühüm rol oynaya bilər.


Tədqiqatın müəllifi, Mitxat Qasanov bildirib ki, aparılan analizlər yeniyetmə idiopatik skoliozunda yalnız ortopedik deyil, neyropsixoloji mexanizmlərin də nəzərə alınmasının vacibliyini göstərir. Onun sözlərinə görə, stress, beynin lateralizasiyası və “bədən sxemi”ndəki pozuntular vahid model çərçivəsində birləşdirilərək xəstəliyin yaranma və inkişaf səbəblərini daha yaxşı izah edə bilər.

Araşdırma zamanı müəyyən edilib ki, skoliozlu yeniyetmələrdə atipik lateralizasiya — yəni beynin sağ və sol yarımkürələri arasında funksiyaların qeyri-standart bölüşdürülməsi — daha tez-tez rast gəlinir. Bu isə məkan qavrayışının və stress reaksiyalarının pozulmasına gətirib çıxara bilər.

Bundan əlavə, statistik göstəricilər skoliozlu yeniyetmələrdə psixoemosional problemlərin daha çox müşahidə olunduğunu, onların valideynlərində isə narahatlıq və depressiya əlamətlərinin daha geniş yayıldığını ortaya qoyur.

Bu faktlar birbaşa səbəb-nəticə əlaqəsini sübut etməsə də, alimlər problemin daha geniş kontekstdə araşdırılmasının vacibliyini vurğulayırlar.

Alimlərin fikrincə, stress, beynin qeyri-adi fəaliyyəti və “bədən sxemi”ndəki pozuntuların birləşməsi “təhrif olunmuş güzgü” effekti yaradır. Nəticədə yeniyetmənin beyni bədənin real vəziyyətini düzgün qiymətləndirə bilmir və bu da qamət pozğunluğunun və onurğa əyriliyinin formalaşmasına və dərinləşməsinə səbəb ola bilər.

Yeni nəticələr klassik ortopedik müalicə yanaşmalarını inkar etmir. Lakin tədqiqat göstərir ki, skoliozun müalicəsi kompleks yanaşma tələb edir və neyrobioloji, stress və psixosomatik amillər də nəzərə alınmalıdır. Bu isə gələcəkdə yeniyetmələr üçün daha effektiv profilaktika və müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO