"Gərək hamısını danışaq. Olanımızı deyiriksə, olmayanımızı da deyək. Bu gün yaxşı yazarlar yoxdur, ssenarilər yoxdur, rejissorlar təsadüfi, rejissuraya dəxli olmayan adamlardır".
Moderator.az xəbər verir ki, bu fikirləri xalq artisti, görkəmli sənətkar Rasim Balayev sevənləri, pərəstişkarları ilə keçirilən görüşdə deyib.
"Seriallar çəkirlər. Özü də 40 seriya film çəkirlər, baxırsan və düşünürsən ki, "Bu nə demək istəyir? 40 seriyada bunun fikri nədir? Fəxrəddin Manafovun bir filmi var. O filmdə mən də çəkilmişəm. "Köhnə bərə" filmi. O film çəkiləndən sonra onu zəif film kimi qələmə verdilər. Bu yaxınlarda həmin filmə yenidən baxdım. Gördüm ki, o zaman zəif adlandırılan bu filmin gözəl mənası var, orada tərbiyə var. Gənclər hamısı şəhərə qaçmaq istəyir, bəs hamısı şəhərə gələndə kənddə kim qalıb, işləyəcək?", - deyə Rasim Balayev bildirib.
Xalq artisti fikrinin davamı kimi əlavə edib ki, Azərbaycanda olan ucqar kəndlərə müəllimlər getmək istəmirlər:xa0
"Sizin xəbəriniz var ki, kəndlərə müəllimlər getmək istəmir. Bu yaxınlarda bir kəndə yas yerinə getmişdim. Orada danışdılar ki, iki kəndin arasında bir məktəb var. O məktəbə müəllim kimi heç kim getmir. Amma əvvəllər məcbur edirdilər. İki il o, adam getməliydi, orada işləməli idi. İki ildən sonra gəlib, diplomunu ala bilərdi. Yoxsa ona diplom vermirdilər. Mən gördüm ki, Bədən Tərbiyəsi İnstitutunu qurtaran müəllim riyaziyyatdan, kimyadan, fizikadan dərs deyir. Bax, bu olmaz. 1994-cü ildə Türkiyədə iki filmə çəkildim. Onda türk filmi çox zəif idi. Mən baxırdım və təəccüblənirdim. Amma həvəslə çəkirdilər. Sonra dəstə ilə Almaniyaya, Amerikaya adamlar göndərib, oxutdular. Bu gün görürsünüz türk filmləri və serialları dünyanı fəth edib. Bütün dünyada çox məşhur olublar. Filmlərinə görə inkişaf ediblər. Dediyim odur ki, bu şeyləri nəzərə almaq lazımdır. Mən, İncəsənət Universitetinə kölgə salmaq istəmirəm. Amma Dövlət Kinematoqrafiya İnstitututu vardı. İldə Azərbaycana bir və iki yer verirdilər. Gedib oxuyurdular və gəlib yaxşı kino xadimləri olurdular. Bu gün bizim İnstitutumuzda yaxşı müəllimlər var. Amma baza yoxdur. Tarixdə İntibah və tənəzzül dövrü olub. Biz bir ictimai formasiyadan başqasına keçmişik. Amma bütün çətinliklərə baxmayaraq, mən sabaha nikbin baxıram. Zaman hər şeyi öz yoluna qoyacaq".
Xatırladaq ki, mayın 17-də Bakı Kitab Mərkəzində Xalq artisti Rasim Balayevlə görüş olub. Görüşdə Rasim Balayevin çoxsaylı pərəstişkarları,tanınmış mədəniyyət xadimləri iştirak edib.




































































































