İlin səkkiizinci ayının ilk həftəsi artıq başa çatır. Və bu ərəfədə dünyada və ölkəmizdə enerji ilə bağlı maraqlı hadisələr yaşanır. Diqqət şəkən məqam qlobal bazarda odur ki, Avropa son 50 illik tarixində ilk dəfə qış mövsümünü Rusiya qazının minimal həcmləri ilə keçirməyə hazırlaşır.
Azərbaycanın enerji həyatında isə dövlətin qazdan əldə etdiyi mənfəət ilk dəfə milyard dolları aşıb. Düzdür, bunu nə hökumət cəmiyyətə xüsusi bir hadisə kimi çatdırdı, nə də o qaz gəlirlərini toplayan Dövlət Neft Fondu.
Sonuncu sadəcə aylıq ənənəvi gəlirləri içərisində bunu informativ formada verdi. Və belə bir məlumat ölkə mediası üçün sadəcə rəqəm kimi görünsə də, mənim diqqətgimi çəkdi. Bir qədər sonra daha ətraflı dayanacam bu məsələ üzərində.
MÖVZU İLƏ BAĞLI:
Neft-qaz tranzitində yeni düşüncələr - “Bizim Barel”də neft və qaz ətrafında baş verənlər İlham Şabanın təqdimatında
Qlobal bazar. Yola saldığımız həftə ərzində neft qiymətləri qəfildən eniş nümayiş etdirdilər. Özü də elə bir eniş ki, London birjasında 1 barel Brent markalı neftin ən ucuz partiyası 92 dollar 78 sentə satıldı. Belə bir qiymət diapozonunda sonuncu dəfə neft fevralın 21-də ticarət edilmişdi, yəni Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl.
Bəs nə baş verdi ki, müharibə bitməmiş “qara qızıl” dəyərini müharibədən əvvəlki göstəriciyə bərabərləşdirdi. Bunun iki səbəbi var.
Birincisi, dünya iqtisadiyyatının artım templəri ilə bağlı neqativ proqnozların çoxalması, yəni iqtisadiyyat gözlənildiyindən daha az inkişaf edəcək, demək proqnoz edildiyi qədər də enerjiyə, neftə ehtiyac olmayacaq. Bu amil neft qiymətlərini son həftə 100 dollardan aşağı çəkən əsas səbəb kimi üzə çıxdı.
İkincisi, ABŞ-da həftəlik nəinki neft ehtiyatlarının artımının qeydə alınması və hətta anbarlara yığılıb qalmış benzinin həcminin də diqqəti çəkməsi idi. Yəni, bir malın ki, qiyməti baha oldu, kütləvi istehlak bazarında ona tələbat azalır.
Bu baxımdan da baxmayaraq ki, indi yay mövsümünün ən qızmar çağıdır və adətən amerikanlılar bu dövrdə avtomobillərlə aktiv istirahətə meyl edirlər, amma benzin əvvəlki kimi satılmır. O da maraqlıdır ki, yayın əvvəli Ai-95 markalı benzinin qalonunun (3,78 litri) qiyməti 5 dolları aşsa da, indi 4 dollara qədər ucuzlaşıb. Amma Okeanın o tayında insanların içərisində dünyanın təlatümlü vaxtı artıq bir qənaətcillik hissi yaranıb.
Enerjiyə qənaət məsələsi elə yola saldığımız həftənin sonuncu iş günü Avropada da gündəm oldu, özü də rəsmi sənəd şəklində.
Avropada qazın qənaətinə keçid. Avropa İttifaqı Şurası cümə günü elan edib ki, Aİ dövlətləri bu qış təbii qaza tələbatın könüllü olaraq 15% azaldılmasına dair qətnamə qəbul ediblər.
Şuranın Brüsseldə dərc olunmuş kommünikesində deyilir: “Üzv dövlətlər (27 ölkə) 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında son beş il ərzində orta istehlakla müqayisədə qaz tələbatını 15% azaltmaq haqda razılığa gəliblər”.
Sənəddə izah edilir ki, bu cür ixtisarların məqsədi bu qış qaza qənaət etmək, “öz enerji daşıyıcılarından daim silah kimi istifadə edən Rusiyadan qaz nəqlində mümkün fasilələrə hazır olmaqdır”.
Eyni zamanda, şura bəzi istisnaları və məcburi azalma məqsədindən qismən və ya bəzi hallarda tam kənarlaşmanın tətbiqi imkanlarını müəyyən edib.
Beləliklə, Şura razılaşıb ki, digər üzv dövlətlərin qaz şəbəkələrinə qoşulmayan Aİ ölkələri qazın məcburi azaldılmasından azaddırlar. Elektrik şəbəkələri Avropa elektrik sistemi ilə sinxronizasiya olunmayan və elektrik enerjisi istehsalı üçün qazdan asılı olan Aİ ölkələri də mavi yanacaq istehlakının 15% azaldılması tələbindən azad olunacaqlar.
Üzv dövlətlər həmçinin razılaşıblar ki, qaz istehlakını azaldılarkən ev təsərrüfatları, ölkələrin fəaliyyəti üçün mühüm həyati əhəmiyyətə malik müəssisələr, səhiyyə və müdafiə kimi mühüm sahələr bundan əziyyət çəkməməlidirlər.
Bu həftə bir məlumat da açıqlandı ki, artıq Avropanın yeraltı qaz anbarlarına toplanmış ehtiyat onun imkanlarının 70%-nə çatıb. Əgər sonrakı iki ayda yeraltı qaz anbarlarının doldurulma tempi düşməzsə, onda oktyabr ayında yeraltı qaz anbarlarına toplanan ehtiyatı 90%-dək artırmaq imkanı olar. Bu isə Rusiyanın qış mövsümündə Avropaya qaz təchizatını dayandırdığı təqdirdə belə enerji risklərini minimallaşdırmağa imkan verər.
Bəli, Avropanı indi düşündürən Rusiyanın “Şimal axını-1” kəmərlər sistemi ilə qaz nəqlini 5 dəfəyədək azaltması məsələsidir. Bunun nəticəsində Avropada qaz qiymətləri həftə ərzində 2 min dollardan baha qiymətə ticarət edilib.
Təbii ki, Avropada qaz qiymətlərinin artımı Azərbaycanın gəlirlərinə də təsirsiz ötüşmür. Çünki Azərbaycan getdikcə daha çox həcmləri məhz Avropa bazarlarında satır.
Qazın ilk milyardlıq qazancı. Bu həftə Azərbaycan Dövlət Neft Fondu açıqladı ki, cari ilin yanvar-iyul aylarının yekunu olaraq “Şahdəniz” layihəsi çərçivəsində dövlətə çatan mənfəət 1 milyard 1 milyard 72 milyon dollar təşkil edib ki, bu da ötən ilin müavfiq dövrünün göstəriciləri ilə müqayisədə nə az, nə çox, düz 15,1 dəfə çoxdur.
Fonda “Şahdəniz” layihəsi üzrə daxilolmaların 252 milyon 725 min dolları kondensat satışından, 819 milyon 275 min dolları isə təbii qaz satışından əldə edilib.
Qeyd edim ki, ötən il Azərbaycan dövləti “Şahdəniz” layihəsi üzrə ümumilikdə 800 milyon dollardan çox gəlir əldə etmişdi. İndi isə ilin 7-ci ayında bu gəlirlərin yarısından çoxuna nail olub. Və qlobal bazarlardakı gərginliyin hərarətindən asılı olaraq Azərbaycan bu il ikinci milyardlıq qaz qazancını da qeyd edə bilər.
Azərbaycanın qaz gəlirlərinin artımı çox önəmlidir, çünki biz və tərəfdaş şirkətlər 2013-2020-ci illərdə “Şahdəniz-2” hasilat layihəsinə və çıxarılan qazın Türkiyə sərhədinə qədər çatdırılması layihəsinə 24 milyard dollara yaxın kapital xərcləri yatırmışdıq və satış bazarlarında qaz qiymətləri nə qədər yüksək olarsa, Azərbaycan da öz xərcini bir o qədər tez çıxarmağa nail olar.
Xəzrlərin vaxtından əvvəl ödənilməsi isə bilirsiniz nə deməkdir? Azərbaycan dövlətinə çatacaq mənfəətin 75%-dək yüksəlməsi! Hazırda isə bu göstərici 30% cıvarındadır. Yəni sadə dillə desək, Azərbaycan neft həcmlərinin azaldığı zaman qazdan gələn gəlirlərlə yaxın gələcəkdə özünün iqtisadi dayanıqlığını daha da bərkitmək imkanı qazanar.
Neft gəlirləri. Neft gəlirlərimiz artır, amma neft hasilatımız nəzərə çarpacaq dərəcədə eniş edir. Bunu cari həfət “BP-Azərbaycan” şirkətinin açıqladığı rüblük hesbatı təhlil edərkən görmək mümkündür. Belə ki, Azərbaycanın əsas neft yataqlar bloku olan “Azəri-Çıraq Günəşli”dən cari ilin yanvar-iyununda neft hasilatı 76,74 milyon barel (təxminən 10 milyon ton) təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında AÇG blokundan təxminən 85 milyon barel (11 milyon tondan çox) neft hasil edilib. Yəni bu o deməkdir ki, müqavilə sahəsindən 2022-ci ilin yanvar-iyun aylarında neft hasilatı 9,4% və ya 1 milyon tondan çox azalıb.
AÇG-də neft hasilatı 2010-cu ilin sentyabrından azalmağa başlayıb. Lakin xammal istehsalında bu qədər yüksək azalma hələ qeydə alınmayıb. Diqqət yetirin aşağıdakı cədvələ.
AÇG blokunda orta gündəlik neft hasilatı (min barel):
"Çıraq" yatağında hasilat 1997-ci ildə, "Azəri" yatağında - 2005-ci ildə, "Günəşli"nin dərinsulu hissəsində - 2008-ci ildə başlanıb. AÇG blokunda pik neft hasilatı 2010-cu ildə qeydə alınıb - 40,6 milyon ton. Agər azalma tempi ilin ikinci yarısında da bu həddə olarsa, onda 2022-ci ildə AÇG-də hasilat həcmi 20 milyon tondan aşağı düşə bilər.
Niyə belədir? Gözlənildiyinin əksinə olaraq AÇG-də dərin qatlarında yerləşən layların neftverimliyinin daha az olması ortaya çıxıb. Buna görə də bp və tərəfdaşları xərclərin optimallaşdırılması kursunda əvvəlki illərlə müqayisədə daha az neft çıxarırlar.
Hazırda Azərbaycanın neft gəlirlərinin 2 dəfəlik artımı isə sadəcə bazardakı hədsiz yüksək qiymətlərdən qaynaqlanır.
Yanvar-iyul aylarında Neft Fondu AÇG blokundan hasil edilən mənfəət neftinin satışından $5 milyard 683 milyon gəlir (artım 1,95 dəfə) əldə edib.
2022-ci ildə AÇG-dən Neft Fonduna daxilolmalar (mln dollarla):
Yanvar - 683
Fevral - 624
Mart - 559
Aprel - 1032
May - 930
İyun - 1043
İyul - 812
Cədvəldən göründüyü kimi iyul ayında dövlətin AÇG-dən əldə etdiyi mənfəət iyun ayı ulə müqayisədə 231 milyon dollar azalıb. Buna səbəb isə həm iyulda qiymətlərin iyuna nisbətən 15%-dək azalması, həm də müqavilə sahəsində hasilatın azalmasıdır.
Amma AÇG-də neft hasilatı azalsa da, səmt qazının (neftlə birgə çıxan qaz) həcmləri artım nümayiş etdirir. Bu isə Azərbaycn tərəfinə müqavilə şərtlərinə müvafiq olaraq təmənnasız verilən səmt qazının artımı deməkdir. BP-nin yuaydığı məlumata görə, 2022-ci ilin birinci yarısında AÇG yataqları blokundan SOCAR-a 2 milyard kubmetr səmt qazı verib.
Ötən ilin ilk 6 ayı ərzində isə Azərbaycan tərəfinə verilən səmt qazı həcmləri cəmi 1,6 milyard kubmetr təşkil etmişdi. Beləliklə, Azərbaycanın AÇG-dən əldə etdiyi qazın tədarükü 25% artıb.
Qeyd edim ki, 2021-ci ildə AÇG-dən alınan səmt qazının həcmi 3 milyard kubmetr təçkil etmişdi ki, bu da 2020-ci ilin göstəricisindən 36,4% çox idi.
Enerji siyasəti. Yola saldığımız həftə ərzində Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi" və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” fərman imzalayıb.
Dövlət başçsının saytında yer almış məlumata görə, Energetika nazirliyinin işçilərinin say həddi 200 ştat vahidi, nazirliyin aparatı üzrə - 160 ştat vahidi təsdiq edilib.
Xatırladım ki, əvvəl Energetika nazirliyinin işçilərinin say həddi 180 ştat vahidi, nazirliyin aparatı üzrə - 140 ştat vahidi müəyyən edilmişdi.
Energetika nazirliyi Azərbaycanda 2001-ci ildə yaradılıb. Hazırda bu qurum dövlətin enerji siyasətini həyata keçirən orqandır və fəaliyyəti energetika sektorunun bütün seqmentlərini əhatə edir.
İlham Şaban, xüsusi olaraq Bizim.Media üçün