Fitch Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqladı

Fitch Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqladı

Hazırda oxunan: Fitch Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqladı

609884

Neft və qaz qiymətlərinin artması Azərbaycanın xarici və dövlət maliyyəsinə müsbət təsir göstərə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, Yaxın Şərqdəki hərbi əməliyyatlar fonunda karbohidrogen qiymətlərinin yüksəlməsi Azərbaycanın ikili profisitini gücləndirəcək.
 

Agentliyin baza ssenarisinə əsasən, 2026-cı ildə cari hesab profisiti ÜDM-in 4,5 faizi səviyyəsində qalacaq. Konsolidə edilmiş büdcə profisitinin isə ÜDM-in 2,1 faizinə çatacağı gözlənilir.


Bu proqnoz Dövlət Neft Fondunun aktivlərinin gəlirliliyində gözlənilən azalmaya baxmayaraq verilib.

Fitch analitikləri hesab edirlər ki, 2026-cı ildə Azərbaycanda iqtisadi artım tempi yenidən sürətlənə bilər.

Agentliyin qiymətləndirməsinə görə, qeyri-neft sektorunun iqtisadiyyatdakı payı hələ də dəyişkən olaraq qalır və müəyyən dərəcədə neft qiymətlərindən asılıdır.

Qeyd olunur ki, qeyri-neft sektorunun payı 2015-ci ildə 63,5 faizlə pik həddə çatdıqdan sonra 2022-ci ilədək 9 faiz bəndi azalıb. Bu azalma həmin dövrdə neft qiymətlərinin son 14 ilin ən yüksək səviyyəsinə qalxması fonunda baş verib.
 

Hesabatda xidmət sektorunun, xüsusilə informasiya-kommunikasiya texnologiyaları və turizmin iqtisadi artıma töhfəsinin artdığı vurğulanır. 2025-ci ildə bu iki sektorun hər biri iqtisadi artıma 0,2 faiz bəndi əlavə edib.


Fitch Azərbaycanın strateji coğrafi mövqeyinin də iqtisadi imkanları genişləndirdiyini qeyd edir. Xüsusilə Xəzər dənizindəki iri liman ölkənin Orta Dəhliz çərçivəsində tranzit qovşağı kimi rolunu gücləndirib.

Ukraynada müharibə başlayandan sonra quru yüklərinin daşınması iki dəfədən çox artıb. Bu göstərici 2022-2024-cü illərdə orta hesabla xidmət ixracının 27 faizinə çatıb, ÜDM-də payı isə 2,3 faizə yüksəlib.

Agentlik həmçinin qeyri-neft büdcə gəlirlərində ciddi artım olduğunu bildirir. 2022-2025-ci illərdə bu gəlirlər ümumi daxilolmaların təxminən yarısını təşkil edib və ÜDM-in 13 faizi səviyyəsində olub.

Fiskal qaydaya əsasən, qeyri-neft kəsiri 2029-cu ilədək qeyri-neft ÜDM-in 13 faizindən aşağı salınmalıdır.

Müqayisə üçün, 2024-cü ildə bu göstərici 20,4 faiz təşkil edib.

Fitch hesab edir ki, hədəfə çatmaq üçün qeyri-neft gəlirlərinin daha da artırılması, institusional bazanın gücləndirilməsi, nəzarətin sərtləşdirilməsi və aydın fiskal istiqamətlərin formalaşdırılması vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO