Bu gün Müsavat başqanı Arif Hacılı ilə başqanlığa keçmiş namizəd və qurumdakı narazıların lideri kimi çıxış edən Qubad İbadoğlu arasında saat yarımlıq təkbətək müzakirələr aparıldığı barədə xəbər yayıldı. Görəsən, narazıların bu görüş barədə düşüncələri necədir, onlar yaxşılığa doğru hər hansı irəliləyiş gözləyirlərmi?
Moderator.az bu məqsədlə bir müddət öncə başqan Arif Hacılının qəzəbinə gələrək partiyadan kənarlaşdırılan və Qubad İbadoğlunun qatı tərəfdarlarından hesab olunan Məhəbbət Muradovun mövqeyini öyrənib. Keçmiş müsavatçının ağzından necə deyərlər, od tökülüb və o bu görüşdən heç nə gözləmədiyini bildirib. Onunla saytın əməkdaşının qısa polemikasını təqdim edirik:
-Arif Hacılı ilə Qubad İbadoğlunun saatyarımlıq görüşündən nə gözləyirsiniz?
-Mən Gubad bəyin Arif Hacılı ilə görüşündən heç nə gözləmirəm və belə bir görüşün əleyhinəyəm. Əslində Arif Hacılıdan müsbət nə isə gözləmək yumşaq desəm, axmaqlıqdır.
-Doğrudanmı Arif Hacılı bu qədər neqativ xarakterə malik bir şəxsdir? Ola bilsin yanılırsınız.
-Arif Hacılı adı gəlincə mənim ağlıma ilk gələn o olub: dağıdıcı, siyasi fəaliyyəti boyunca siyasi rəqiblərinə şər-böhtan atmaqla istəyinə çatmaq. Son Qurultaydan öncəki (2006) situasiyaya nəzər salin, A.Hacılının Müsavat daxilində müsbət imici olmayan Sülhəddin Əkbərə biabırçı məğlubiyyəti və partiyadan getməsi haqda eks başqan İsa Qəmbərə "mən partiyadan gedirəm" hədəsi ilə qeyri-qanini yaradılan icra aparatı. Budur A. Hacılı: "mən gedirəm" deyir və icra aparatı yaranır, qalır və partıyanın dəyərlərini məhv edir.
-Onunla sonuncu dəfə nə zamansa üzbəüz görüşüb problemləri müzakirə etmək imkanınız olubmu?
-Səmimi deyirəm: Arif Hacılı ilə heç bir görüşə və müzakirəyə maraqlı olmamışam. Amma yaxın zamanlarda (Qurultaydan sonra) Bahar Qanboyun atasının yasında eyni masada oturmalı oldum, bir daha əmin oldum ki, A. Hacılı başqan deyil, heç müstəqil özək sədri də olmağa layiq deyil.



































































































