Tanınmış hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov peşə bayramlarını qeyd edən Penitensiar Xidmətin rəhbərliyinin kefinə soğan doğrayacaq status yazıb. Əslində statusda heç bir qərəz yoxdur və həqiqəti əks etdirən məqamlar bir daha xatırladılır ki, bəlkə gec də olsa nəticə çıxarılsın:
"Bildiyiniz kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd olunur. Ölkə başçısı da bu münasibətlə adı çəkilən qurumun əməkdaşlarının bir neçəsini orden və medalla, fəxri adla mükafatlandırdı. Azərbaycan vətəndaşı kimi, mən də bu qurumda çalışan çoxminli şəxsi heyəti təbrik edirəm, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıram. Açıq qeyd etmək lazımdır ki, son illər bu qurumda müsbətə doğru xeyli işlər görülmüşdür. Məhkumlar üçün müasir tipli cəzacəkmə müəsissələri, istintaq təcridxanaları və digər sosial obyektlər tikilib və bu proses davam etməkdədir. 2015-ci ildə Bakıdakı bəzi cəzaçəkmə müəsissələri Azərbaycanın bölgələrinə köçürüləcək. Bütün bunlar yaxşı hallardır.
Adətən bizi Müdafiə Nazirliyi və digər güc strukturları ilə bağlı çoxsaylı çıxışlar etdiyimizə görə alqışlayan, bəzən qınayan dostlarımız da olur ki, onlar bizdən digər qurumlarla bağlı da bəzi məsələləri ictimailəşdirməyimizi xahiş edirlər. Hesab edirəm ki, dostlarımız haqlıdırlar və bu sahələrə də diqqət ayrılmalıdır.
Lakin bütün görülmüş işlərlə yanaşı, hələ də Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəsissələrində, istintaq təcridxanalarında ciddi nöqsanlar və çatışmazlıqlar mövcuddur. Bura rüşvətxorluq və korrupsiya halları, bəzi əməkdaşların vəzifə səlahiyyətlərini aşmaq və sairə hallar daxildir. İnanmaq istərdik ki, Ədliyyə Nazirliyinin rəhbərliyi bundan sonra da Penitensiar Xidmətdə olan vəziyyətin yaxşıya doğru dəyişmək istiqamətində ciddi addımlar atacaq və öz prinsipial mövqeyini ortalığa qoyacaqdır. Hələliksə hörmətli Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinin diqqətinə bu gün mətbuatda dərc edilmiş bir yazıya yönəltmək istərdim.
"Fərarilik edərək adam ölümünə səbəb olmuş hərbçinin himayədarı kimdir?
Cəzaçəkmə müəssisəsinə göndərilməli olan Nihad Ələkbərov 2 saylı Gəncə İstintaq Təcridxanasında "istirahət" edir?
Məlum olduğu kimi, bu və ya digər cinayəti törətmiş şəxs istintaqın gedişində cəzasını istintaq təcridxanasında saxlanılır. Məhkəmənin hökmündən sonra isə müvafiq cəzaçəkmə müəssisəsinə göndərilir. Bu günlərdə redaksiyamızın poçtuna daxil olmuş məktubda 2 il həbs cəzası almış fərarinin bir ilə yaxındır ki, hələ də 2 saylı Gəncə İstintaq Təcridxanasında saxlanması ilə bağlı məlumat yer alır.
Ağsu şəhər sakini Səbirxan Məmmədov tərəfindən bizə ünvanlanmış həmin məktubda qeyd edilir ki, Müdafiə Nazirliyinin Tovuzdakı hərbi hissəsinin giziri, fərarilik üstündə ötən il Gəncə hərbi məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilmiş Nihad Ələkbərov məhkəmənin hökmündən sonra nədənsə cəzaçəkmə müəssisəsinə cəzasını çəkməyə göndərilməyib. Fərarilik edən keçmiş hərbçini hansısa maraqlar xatirinə 2 saylı Gəncə İstintaq Təcridxanasında saxlayaraq təsərrüfat işlərinə cəlb ediblər. Hazırda sözügedən təcridxanada komfort şəraitdə "istirahət" edən fərari yəqin ümid edir ki, təcridxanadakı vəzifəli himayədarının köməyi ilə tezliklə cəzasının qalan hissəsini çəkməkdən azad edilərək azadlığa çıxacaq. Düzü, məktubdakı qeydlərlə tanış olduqdan sonra 2 saylı İstintaq Təcridxanasının rəisi polkovnik-leytenant Şakir Bayramovun bu "humanizminin" sirrini başa düşmək olmur. Digər tərəfdən, ilkin araşdırma zamanı daha ciddi məsələlər ortaya çıxdı. Məlum oldu ki, gizir Nihad Ələkbərov 2013-cü il ərzində hərbi hissəni özbaşına bir neçə dəfə tərk edərək Ağsu şəhərinə gəlirmiş. Buradaca gənc bir qızın həyatını korlayıb. Cinayətinin üstünün açılmasından ehtiyat edərək onunla tezliklə ailə quracağını vəd edib. Lakin rayona növbəti "səfər"in birində yaxalanan Nihad Ələkbərov qalmaqalla rayon polis şöbəsinə gətirilib. Müvafiq sənədləşmə aparılıb, akt tərtib olunub və s. Şübhəsiz ki, məsələdən Ağsu rayon prokuroru da məlumatlı olub. Sonradan Nihadın hansı səbəblərdən "sudan quru çıxması" elə bizim üçün də maraq doğurur. Sözsüz ki, bu fakt havayı yerə ört-basdır edilməyib. Hər halda Nihadın xidmət etdiyi hərbi hissədə onun fərarilik etməsi, Ağsu şəhərində qalmaqala səbəb olması barədə yetərincə məlumat olmayıb. Əks halda məsuliyyətə cəlb edilərdi. Bununla da günahsız bir qız həyatını itirməzdi... Ağsuda baş vermiş insidentlə bağlı Nihad Ələkbərovun xidmət etdiyi hərbi hissəni məlumatlandırmalı olan rəsmilərin isə nədənsə ürəyi yumşalıb, təvazökarlıq göstəriblər. Bu hadisədən bir müddət sonra nələr baş verib! Nihad Ələkbərovun başqası ilə evləndiyini eşidən qız intihar edib. Gənc qızın həyatını itirməsinin əsl səbəbləri onun ölümqabağı yazdığı məktubda tam açıqlansa da istintaq orqanları, xüsusilə rayon prokuroru yumşaq desək, hərəkətsizlik nümayiş etdirməklə məsələni qəlizləşdirməməyi üstün tutub. Məsələ ilə bağlı qızın valideynləri yuxarı instansiyalara müraciətlər etsə də, nəticəsi olmayıb. Yalnız zərərçəkmişin hüquqi varisi kimi onun atası Səbirxan Məmmədov Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edildikdən sonra araşdırmalar davam etdirilib. Ardınca yenidən Respublika Prokurorluğuna dəvət edilən Səbirxan Məmmədovu baş prokurorun müavini Rustəm Usubov qəbul edərək problemlərini dinlədikdən sonra əmin edib ki, belə şəxslər layiqli cəzasını almalıdır və alacaq.
Redaksiyamıza ünvanladığı müraciətdə S.Məmmədov daha sonra yazır: "Bu sözlərdən sonra məndə inam yarandı ki, haqq-ədalət nəhayət yerini tapacaq, cinayətkar layiqli cəzasını alacaq. Lakin, təəssüflər olsun ki, baş prokurorun müavininin verdiyi vəd vəd olaraq qaldı. Bir müddət sonra Respublika prokurorluğundan mənə cavab məktubu gəldi. Qəribədir ki, məktub R.Usubovun adından deyil, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasovun adından gəldi. Məktubda bildirilirdi ki, işin ilkin istintaqı düzgün aparılmışdır. Beləliklə, adam ölümünə səbəb olan Ələkbərov Nihad Alim oğlu kimi fərarini günahsız çıxarıblar. Nə isə, qayıdaq cəzaçəkmə müəssisəsinə göndərilməli olan fərarinin 2 saylı Gəncə İstintaq Təcridxanasında "ilişib qalmasının" səbəblərinə. Bu səbəblər təbii ki, hamıdan çox sözügedən təcridxananın rəisi Şakir Bayramov cənabına gün kimi aydındır. Amma bu humanizmin də bir düşər-düşməzi olar haaa... Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Milli Qəhrəman Mədət Quliyev elə bilirsiniz ki, bu hərəkətinə (hərəkətsizliyinə) görə Şakir Bayramovun cəzasız buraxacaq? Döyüş meydanından qaçaraq günahsız bir qızın həyatını korlamış Nihad Ələkbərovun hələ də istintaq təcridxanasında saxlanılması heç bir hüquqi məntiqə sığmır. Qaldı ki, fərarilik edərək adam ölümünə səbəb olmuş hərbçini himayə edənin kimliyinə, bu məsələyə növbəti yazılarda aydınlıq gətirəcəyik. Məhərrəm Həmzəliyev"
Sonda onu da qeyd edim ki, yaxın günlərdə mən Penitensiar Xidmətlə bağlı çox maraqlı bir müşahidəmi də dəyərli dostlarımızın və mətbuatın diqqətinə çatdıracağam.


































































































