1991-ci ilin sonlarına doğru Dağlıq Qarabağ bölgəsində vəziyyət çox mürəkkəb idi. Cəbhəboyu üstünlüyü ələ alan erməni silahlı birləşmələri hər gün Şuşanın işğalına daha bir addım da yaxınlaşırdılar. İlin sonu Kərkicahanın işğalı ilə yadda qalır. Dekabrın 28-də Xankəndi ərazi vahidliyinə daxil olan Kərkicahanı döyüşçülərimiz üçüncü dəfə itirirlər. O vaxta qədər Kərkicahan iki dəfə ermənilərin işğalına məruz qalmış, sonra isə geri alınmışdı. ANS-in çəkiliş qrupunun o vaxt ermənilərdən azad edilmiş Kərkicahanda apardığı çəkilişlər bu gün də qızıl fondda qalır. Deməli, Kərkicahan məğlubiyyətinin səbəbləri də. Hər cür müasir texnika və silahla təmin edilən erməni ordusuna qarşı bizimkilər ən yaxşı halda bu cür silahlarla çıxırlar.
Kərkicahanın müdafiəsini xüsusilə Şuşadan gələn könüllülər həyata keçirirdilər. Şuşanın itiriləcəyi həyəcanını da ən çox dərk edən elə bu döyüşçülər idi.
Amma nə silah verən vardı, nə nizamlı ordu vardı, nə də bu orduya rəhbərlik edən. Bu səbəbdəndir ki, məğlubiyyə-məğlubiyyət ardınca gəlirdi. Elə 1992-ci il yanvarın 25-də Şuşanın Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən Daşaltı əməliyyatını da bu qəbildən saymaq olar. Rəsmi məlumatlara görə, bu əməliyyatda Azərbaycan tərəfi 90-dan artıq döyüşçüsünü itirir. Amma itirdiklərimiz təkcə bunlar olsaydı? Üç gün sonra yanvarın 28-də Ağdamdan Şuşaya uçan və içində 50-yə qədər azərbaycanlı olan “Mİ 8” helikopteri Xankəndi üzərində vurulur. O vaxt ANS-in çəkiliş qrupu yana-yana yerə düşən helikopteri lentə ala bilir.
Şuşa batalyonunun döyüşçüsü Yaşar Məhərrəmov deyir ki, yaralanmışdım, Vahid və Mirşahin məni Bakıya aparmaq istəyirdilər. Gözləyirdik, gördük belə.
1992-ci ilin fevralın 11-də ermənilər Şuşanın iki kəndini işğal edir. Malıbəyli və Quşçuları. Fevralın ortalarında Qaradağlı kəndi də ələ keçirilir. Fevralın 25-dən 26-na keçən gecə isə 366-cı alayın iştirakı ilə ermənilər Xocalıda mülki əhalini soyqırıma məruz qoyur.
Bütün bunlar Şuşanın süqutuna aparırdı. Maraqlıdır ki, Şuşanın məhz 1992-ci ilin mayında işğal ediləcəyi haqda söz-söhbətlər hələ 91-ci ilin noyabrından vardı. Bunu ANS-in müxbirləri “İnternyus”la əməkdaşlıq edən erməni jurnalistdən eşitmişdilər.
Qarabağ müharibəsini lentə alan jurnalist Vahid Müstafayevin sözlərinə görə, Moskvada təşkil olunan toplantıda mənim qardaşım Seyfulla da iştirak edirdi: “Tədbirdə Vartan adlı tanınmış bir jurnalist də işturak edirdi. O zaman Vartan toplantıda bizə məlumat vermışdi ki, 1992-ci ilin may ayının əvvələrində Şuşa bizimkilər, yəni ermənilər tərəfindən işğal ediləcək. Onda nə Xocalı, nə də ətraf ərazilər bizimkilərin nəzarəti altında idi. O vaxt biz onun dediyinə ciddi yanaşmadıq”.
Şuşa şəhərinə hücum əmri isə mayın 4-də Qarabağ cəbhəsinin komandanı Arkadi Ter Tadevosyan tərəfindən imzalanır. Bakı Hərbi Məktəbinin yetirməsi olan Tadevosyanı niyə meşə tülküsü adlandırırdılar? Bu tülkünün hazırladığı əməliyyat nədən dağlarda toy adlanırıdı? “Xəbərçi”nin sabahkı süjetində həm də bundan danışıcağıq.
Yaxşı ki, o zaman ANS olub və bu tariximizi addım-addım elə tarixə köçürüb. Reportajda gördüyünüz kadrlar ANS arxivindən sizə göstərə biləcəklərimizin çox az bir hissəsidir.





































































































