
- A-
- A
- A+
Gündəm
15:27 / 27.11.2013
5 dəq oxunma
Onun yolunun ömrü (Eldəniz Quliyevə cavab)
Hazırda oxunan:
Onun yolunun ömrü (Eldəniz Quliyevə cavab)
37286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xalid Kazımlı
Son bir ildə böyük ədibimiz, dünya şöhrətli kino xadimimiz Rüstəm İbrahimbəyov barədə azı altı yazı yazmışam. Onun yarısında Rüstəm müəllimi birmənalı müdafiə etmişəm, məruz qaldığı təzyiqlərə, ünvanına səslənən böhtanlara, şərləmələrə qarşı çıxmışam.
Ancaq yeri gəlib, o biri yazılarımda cənab İbrahimbəyovun hansısa bəyanatına, açıqlamasına dair tənqidi qeydlər etmişəm. Bu qeydlərin hamısı öz subyektiv düşüncələrimin məhsulu olub.
Bilənlər bilir, bilməyənlər bilsinlər ki, sifarişli yazı yazmaq şakərim yoxdur. Çox nadir hallarda redaksiyada ya rəhbərlik tərəfindən, ya da həmkarlardan “filan mövzuda yazmaq olar” deyə təkliflər səslənir, əgər mövzu xoşuma gəlirsə, yazıram, gəlmirsə, yazmıram.
Ona görə də kinossenarist Eldəniz Quliyevin Rüstəm İbrahimbəyov haqqında yazdığım “Onun ömür yolu” yazısını kiminsə sifarişinin məhsulu olmasını iddia etməsi tam əsassızdır. Deyəsən, bəzilərinin ağlı başqalarına gedir. Onun eyham etdiyi siyasi partiyanın rəhbərliyi son 18 ildə bir dəfə də olsun, mənə “filankəsə qarşı yazı yazmaq lazımdır” sifarişi göndərməyib.
“Onun ömür yolu” başlıqlı yazıda “Rüstəm müəllimi aşağılayan bolluca kinayə və tikanlı fikir və ifadələr” işlədildiyini iddia edən Eldəniz müəllim yenə yanılır. Bir daha baxdım, yazımda “tikanlı ifadələr” bolluca deyil, yalnız bir yerdədir. O səpkili yazmağı bacaran adamlardan biri olaraq, Eldəniz müəllimi əmin edirəm ki, məqsəd heç də kinayə və tikanlı ifadələr yazmaq olmayıb. Olsaydı, mənzərə tamam başqa cür olardı.
Həmin yazını ona görə yazdım ki, ortada qəribə bir höcətləşmə vardı. Biriləri zorla böyük sənətkardan dissident düzəltməyə çalışır, onu “xilaskar”, “fədakar”, “cəfakeş”, “əvəzedilməz şəxs” kimi qələmə vermək istəyir, siyasətçi olaraq öz missiyasını bərbad bir şəkildə icra etmiş, hətta icra edə bilməmiş şəxsi, o böyük şəxsiyyəti siyasi arenada saxlamağa cəhd edirlər. Onun isə bu işlərə nə həvəsi, nə vaxtı, nə səriştəsi, nə də ehtiyacı var.
“Onun ömür yolu” yazısında müqayisəli şəkildə göstərmək istədim ki, korifey kino xadimimizin həyat yolu bundan ibarətdir, onun mübarizəsi heç vaxt siyasi planda olmayıb, ədəbi müstəvidə, incəsənət sahəsində olub və o burada böyük uğurlar qazanıb. Rüstəm müəllimin siyasi yolunun ömrü 4-5 aydan da az çəkdi və bitdi.
Əgər mən milli-azadlıq hərəkatının liderlərinin döyülüb saxlandıqları təcridxanalarda başlarının qanını yumağa su tapmadıqları günlərdə Rüstəm müəllimin Kannda, Los-Ancelesdə, Moskvada, Sankt-Peterburqdakı lüks otellərdə rejissor həmkarları ilə bahalı viski nuş etdiyini yazsaydım, bu xüsusda bir qədər də təfərrüata varsaydım, onda Eldəniz müəllim məni ədibin bioqrafiyasına “lağ eləməkdə” ittiham edərkən haqlı çıxardı.
Həmin yazıda sadəcə möhtərəm İbrahimbəyovun vikipediyasındakı bir sıra məlumatları (hamısı da yaradıcılığına dair) lazım bildiyim kimi iqtibas etmişəm. Onun yaradıcılığı bundan ibarətdir ”“ povestlər, filmlər, ssenarilər, görüşlər...
Bəs yazını necə bitirmişəm? Məlum olduğu kimi, bütün yazıların sözünün canı əsasən son abzasda olur. Həmin abzas belədir: “Gəlin, onu böyük ədib, böyük ziyalı, böyük ictimai xadim kimi sevək, amma bu şəxsi inqilabçı, mübariz, siyasətçi sayıb, özümüzü aldatmayaq. Ortada avtobioqrafiya deyilən bir şey var”.
Vəssalam. Yazmışam ki, gəlin onu həyatda olduğu kimi sevək, qiymətini verək və özümüzü aldatmayaq. Eldəniz Quliyevin bu fikrə etirazımı var?
İndi gələk, E.Quliyevin mənim barəmdə yazdığı xoşagəlməz ifadələrə.
Mənim öz tərcümeyi-halım o qədər də parlaq deyil, amma şəffafdır, 25 illik siyasi mübarizə, 26 illik yazı-pozu stajım var. İndiyədək 1 roman yazmışam, 3 roman tərcümə etmişəm, 20-dən artıq kitab redaktə etmişəm, azı 60 kitablıq analitik yazılarım, esselərim, felyetonlarım var. (Bu qeydlər E.Quliyevin çəki və səviyyə barədə ittihamlarına cavab səciyyəsi daşıyır).
Rüstəm İbrahimbəyov “ölkəmizə qarşı həqarətlərə tək başına sinə gərəndə, Qarbaşovla kəllə-kəlləyə gələndə, Zori Balayanı yerində oturdanda, SSRİ adlı imperiyanın çürük siyasi rejim olduğunu aləmə car çəkəndə” (üslub və səhvlər saxlanıb-X.K.) mən arxa sıralardaydım, amma gerçəkdən mübarizə aparanları görürdüm. Məsələn, erməni və azərbaycanlı ziyalıların Qorbaçovla görüşündə (1988, iyun) Vəzirovun necə məharətlə polemikanı Azərbaycanın xeyrinə dəyişdirdiyi yadımdadır. Polad Bülbüloğlunun Qorbaçova necə dirəşdiyini, yazıçı Anarın baş katibə nəsə bir etiraz bildirdiyini, amma ilk təpkidən sonra geri çəkildiyini də xatırlayıram.
Ümumiyyətlə, yaddaşımda son 25 ildə xalqımızın haqq işi uğrunda mübarizə sayıla biləcək minlərlə epizod var, onların heç birində İbrahimbəyov yoxdur. Ancaq razılaşıram ki, bu, mənim yaddaşımın qüsuru ilə də bağlı ola bilər. Bəlkə o cür epizodlar doğrudan da olub, amma mən xəbər tutmamışam və ya Rüstəm müəllim təvazökarlıq edərək bu barədə geniş informasiya yayılmasının qeydinə qalmayıb. (Belədirsə, onun ünvanına alqışlar).
“O zaman balaca Xalid ikitəkərli velosiped almaq arzusuyla üçtəkərli velosiped sürürdü” ifadəsinə gəlincə, deməliyəm ki, Eldəniz müəllim, biz kənd uşağı olmuşuq, bir əlimizdə çubuq-çomaq, bir əlimizdə dəftər-kitab böyümüşük, bizdə velosiped sürmək lüksü hardaydı?
Bir də deyəsən, E.Quliyev məni çox gənc hesab edir. 48 yaşım var və Rüstəm İbrahimbəyov mənim babam yaşda deyil, hələ atamdan da, el dilində desək, 1 yaş cavandır.
Bir daha son abzasda sözümün canını yazıram. Rüstəm müəllimə böyük ədib, kino xadimi kimi hörmətim sonsuzdur. Allah ona uzun ömürlər versin, yazsın, yaratsın. Ancaq özünü zəif olduğu sahədə ambisiya nümayiş etdirməkdən saxlasın. Onda o, daha nüfuzlu, daha hörmətli olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































