
- A-
- A
- A+
Bəşər tarixinin ən sirli şifrələri... – Onlar hələ də çözülə bilinmir - FOTO
Dünya yaranandan bu yana insanları hər zaman bir çox sirləri, simvolları özündə gizləyən şifrələr maraqlandırıb. Bəşər tarixinin bir-birini əvəzləyən sivilizasiyaları, qədim mədəniyyətləri özlərinə məxsus şəkildə xüsusi işarə, əlifba və rəmzlərlə şifrələnib.
Bu gün də öz açımını gözləyən, lakin alimlər tərəfindən hələ də öyrənilə bilinməyən, bəşəriyyət üçün hələ də gizli qalan şifrələr, rəmzlər vardır. Onlar maddi olaraq, insanların yanında, muzey və institutlarda, eləcə də uyğun laboratoriyalardadır. Lakin mahiyyət etibarilə hələ də bizlərdən uzaqlardadırlar.
Moderator.az bu yazıda yaşları bir neçə yüz illərə, hətta minillərə çatan, amma şifrələrinin açılması mümkün olmayan qədim simvollardan bir neçəsini təqdim edir:
1-“Rapa Rui cədvəlləri” – 1860-cı illərin əvvəllərində qərbli istilaçılar indiki Peru ərazisində yerləşən Rapa Rui Ronqoroda adasına hücum edərək, oranı ələ keçirirlər. İşğalçılar hazırda Paskal adaları adlandırılan Rapa Ruidə qədim heroqliflərlə yazılan daş lövhələr aşkarlayırlar. İstər həmin dövrün, istərsə də sonrakı dövrün alim və mütəxəssisləri bu lövhələrdəki qədim yazıları oxumağa çox cəhd etmiş, amma heç vaxt istədiklərinə nail olmamışlar.

XX əsrdə bir din aliminin sayəsində həmin yazıların qədim Ronqoronqo dilində yazılması öyrənilmişdir. Lakin çox qədim mədəniyyətdə istifadə edilən bu dilin bircə nəfər də olsa bilicisi olmadığı üçün cədvəlləri oxumaq da mümkün olmayıb. Sonradan bir çox mağaralarda Ronqoronqo dilində qədim yazılar aşkarlanıb. Alimlərin fikrincə, bu qədim yazılar əsl bilik mənbəyidir, bəşər sivilizasiyası, dünyanın gizli tarixi barəsində maraqlı məlumatlar toplusudur. Amma heyf ki, onları oxumaq mümkünsüzdür...
2.”Bil şifrələri” – Amerikalı səyyah və xəzinə ovçusu Tomas Bil deyilənlərə görə, ümumi dəyəri milyard dolları keçən qızıl və gümüşləri taparaq yalnız naməlum bir yerdə gizlədir. Xarakteri etibarilə həm də macəraçı olan Tomas Bil xəzinənin basdırıldığı yeri tapmaq üçün xüsusi şifrəli mətn hazırlayır. Həmin mətnə əsasən xəzinənin yerini tapmaq mümkün olacaqmış. Amma əvvəlcə, oradakı şifrələri çözmək lazım gələcəkdi. Bu işi isə heç kəs bacarmır. “Bil şifrələri”nin çözülməməsi zəngin xəzinənin də gizli qalmasına səbəb olur. Amma illər ötdükcə bu işlə maraqlanan şəxslər, xüsusən də alimlər Tomas Bil tərəfindən heç bir xəzinənin basdırılmadığı, onun sadəcə bir yalan olduğunu irəli sürməyə başladılar. Amma bir məsələni də etiraf etmiş oldular: xəzinə olmasa da belə, “Bil şifrələri” öz çözümünü gözləyən, hələ də öyrənilməyən sirr olaraq qalır.

3.”Voyniç əlyazması”–Dünya tarixinin ən sirli mənbələrindən sayılan və hələ də sirr olaraq qalan bu qədim əlyazmalar 1912-ci ildə polyak kolleksioner V.Voyniç tərəfindən satın alındığı üçün araşdırmaçılar tərəfindən də “Voyniç əlyazması” adlandırılır.
Voyniç bu qədim əlyazma ilə tanış olub, onu öz bacarığı sayəsində oxuduqdan sonra orada yazılanlar barəsində heç kəsə bir söz deməyəcəyinə and içir. Beləcə, kolleksioner vəfat edərkən özü ilə kitabın sirlərini də aparır. Bilinən yalnız o idi ki, V.Voyniç bu kitabı Con Di adlı astronomiya alimindən almış və içində Qədim Roma imperatorlarından tutmuş, bir sıra məsələlərə aid vacib bilgilər olmuşdur.

35 min kəlmədən ibarət olan əlyazmada nəinki sözlər, hətta ayrı-ayrılıqda hər bir hərf belə tam fərqli bir formada yazılmış və onu oxumağı mümkünsüz etmişdi. Hətta dünyada ən yaxşı şifrə açarlar hesab edilən Uilyam və Elizabet Fridman cütlüyü də bu əlyazmadakı gizli kodları aça bilmədilər. Uilyam ölüm ayağında ikən həmin əlyazmanın yazıldığı dilin ölü dil olduğunu, dünyada onu anlayacaq mütəxəssisin qeyri-mümkünlüyü bildirmişdi. Lakin əsas sirr budur ki, Voyniç özü onu oxumuşdu və əlyazma haqqında belə demişdi: “Vaxtı gələndə orta əsr kahinlərinin XX əsrin ən güclü elm adamlarının anlaya bilmədiyi elmi yeniliklərə vaqif olduqlarını açıqlayacağam”. Lakin bu, Voyniçə qismət olmadı, dünyadan köçdü. Görünür, həmin əlyazmalar da hələlik dünyanın özünə qismət olmayacaq.
4- “Dorabella şifrəsi” – Edqar Edvard adlı şəxsin adına yazılmış bu şifrələr uzun illər kimsə tərəfindən gün öyrənilə bilinmədi. Şifrəli mətni bu qədər maraqlı edən tərəfi isə onun həddindən artıq fərqli üslubda yazılması idi. “Dorabella” mətni cəmi 3 sətirdən ibarət idi, lakin oradakı bütün hərflər eyni işarənin müxtəlif səmtlərə istiqamətlənmiş formalarından ibarət idi. Lakin Avstraliyanın Mərkəzi Kvinslənd Universitetinin alimi Tim Roberts tərəfindən çözülən şifrə hər kəsi bir növ şoka salır. Çünki orada belə yazılmışdı: “İçinə indiki yerləşdirilmiş yabanı otlar. Axmaq sadəlövhlük... Bir yataq”

Bir-birilə qəti əlaqəsi olmayan bu ifadələr hər kəs üçün anlamsız olur və özü-özlüyündə bir şifrə kimi qəbul edilir. İlk baxışdan çox sadə görünən, Edvarda qız dostu Dora tərəfindən verilən bu şifrələr hələ də çözülməyib...
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































