"Putinin ambisiyaları böyükdür, amma onları gerçəkləşdirmək üçün heç bir imkanı yoxdur..."
"Əlimdə əlac olsaydı, Ukrayna ərazisinin 100 faizini geri qaytarardım..."
Desantis ritorikasını kəskin surətdə dəyişərək iki dəfə Rusiyanı pisləyib
ABŞ prezidentinə mümkün namizəd və Florida ştatının qubernatoru Ron Desantis Rusiyanın hərbi təcavüzü barədə fikirlərini xeyli dəyişərək bəyan edib ki, Putin "hərbi cinayətkardır" və öz cinayətlərinə görə məsuliyyət daşımalıdır.
Moderator.az xəbər verir ki, bu barədə o, Pirs Morqana müsahibəsində bəyan edib. Müsahibə "New York Post" qəzetində dərc edilib.
Xatırladaq ki, martın 13-də Desantis Rusiyanın hərbu müdaxiləsini "ərazi mübahisəsi" adlandırıb, bundan sonra amerikalı və rusiyalı siyasətçilərin ciddi tənqidinə məruz qalıb.
Morqan Desantislə söhbətində deyib ki, ötən ilin yayında özünün Kiyevə səfəri zamanı ukraynalıların Rusiya prezidenti Vladimir Putinə öz torpağının bir qarışını da verməməkdə və Krımı geri qaytarmaqda sarsılmaz qətiyyətli olduqlarından heyrətə gəlib.
Morqan əlavə edib ki, onun fikrincə, ukraynalılar ölkələrində qanlı müharibənin "ərazi mübahisəsi" adlandırılmasına etiraz edərdilər. Desantis cavabında əmin olduğunu bildirib ki, Ukrayna xalqının "bu əraziyə haqqı var".
"Mənim əlimdə əlac olsaydı, Ukrayna ərazisinin 100 faizini qaytarardım. Lakin, əslində, eskalasiya, silahların və, əlbəttə ki, quru qoşunlarının artırılması nöqteyi-nəzərdən Amerikanın müdaxiləsi, düşünürəm ki, səhv olardı. Mən məhz bu fikri çatdırmaq istəmişəm.
Amma vurğulayıram: Rusiyanın Ukraynaya hərbi müdaxilə etməyə haqqı olmayıb. Rusiyanın Krıma soxulmağa və ya 2022-ci ilin fevralında hərbi müdaxilə etməyə haqqı olmayıb və bunu hamı anlamalıdır", - Desantis deyib.
Onun sözlərinə görə, Putinin ambisiyaları böyükdür" və o, ABŞ-a düşmən münasibəti bəsləyir. Eyni zamanda, Kreml rəhbərinin "öz ambisiyalarını gerçəkləşdirmək üçün heç bir imkana malik deyil". O, vurğulayıb ki, Rusiya ilə bu dağıdıcı müharibədə Ukraynanın qələbəsinə əmindir.
"Düşünmürəm ki, bu savaşda Putin qalib gələcək. Mən düşünmürəm ki, o, Ukrayna hökumətini devirə biləcək. Düşünürəm ki, bu, yaxşıdır", - Desantis bəyan edib.
"Mahiyyətcə, Putin bir yığın nüvə silahı olan benzin kolonkasıdır", - Florida ştatının qubernatoru əlavə edib.
Xatırladaq ki, Ukrayna DİN nümayəndələri Desantisin "Ukrayna və Rusiya arasında ərazi mübahisəsi" barədə sözlərini şərh edərkən, Desantisi "Rusiyanın tammiqyaslı hərbi müdaxiləsini və onun ABŞ-ın maraqları üçün törətdiyi təhlükələri daha dərindən anlaması" üçün Kiyevə dəvət edib.































































































