"Səhhətin normaldı. Yaradıcılığa da davam edirəm. Hazırda öz xatirələrimi yazıram. Əlavə olaraq, şeirlərim də qəzetlərdə - "Ədəbiyyat qəzeti" və "Ədalət"- o cümlədən, "Azərbaycan" jurnalında çıxıb. Amma üzərində çalışdığım ən əsas iş isə Əfzələddin Xəqaniyə həsr etdiyim poemadır".
Bunu Moderator.az-a açıqlamasında tanınmış şair, qocaman poeziya xadimi Musa Yaqub bildirib. O, öz yaradıcılığından danışarkən, son zamanlar yazdığı bir şeiri xüsusilə vurğulayıb. Dünya çapında tanınan məşhur alim Rafiq Əliyevin ömür-gün yoldaşına yazdığı ürək sözlərindən təsirlənərək, qələmə aldığı kədərli şeirindən bəhs edib.

"Şeirin ilk sözlərini Rafiq müəllimdən götürmüşəm: "Ucalığa, kamilliyə gedən birgə ömür yolumuz birdən-birə daraldı, bitdi getdi. Neynək, Allah işidir. Amma yaxşı ki, o mənimlədir, hələ də mənimlə". O sözlərdən sonra mən "Sən mənimləsən" adlı şeir yazdın. Çox istərdim ki, onu oxucular oxusunlar. Onun da həyat yoldaşı vəfat edib, mənim də... Hər ikimiz eyni ağrını yaşayırıq. ona görə də Rafiq müəllimin "bloknot"undan götürdüyüm o sözlər mənə belə təsir etdi və şeir yazdım:
Moderator.az həmin şeiri təqdim edir:
Nə yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin nəfəsindir, sənin əllərin
Oxşayır ruhumu, ovur alnımı-
Kövrəltdi əlimi isti yaşların...
Var ol, bu istəyə, təmasa görə,
Mənimçin Allaha yalvarışların,
Nə deyim bu nəzir-niyaza görə?..
Mən indi bildim ki, sən mənimləsən...
xa0
Nə şirin nağıldı, necə xoş xəyal,
Sehrli uyğudu, uyğuya uydum.
Diksindi, titrədi, soyudu könlüm.
Sədaqət istədim,
Yel aldı məni,
Leylək yuvasında uyudu könlüm -
Mən onda bildim ki, sən mənimləsən.
xa0
Kəklik balaları fərələndilər,
Anaları baxıb fərəhləndilər.
Birdən qanadlanıb həvəsə gəldi,
Balalar həm daşdan-daşa uçanda,
Gördüm yuva tikən bir qaranquşu,
Könlüm bu quşlarla uçdu yanaşı,
Payız durnaları qoşa uçanda,
Mən onda bildim ki, sən mənimləsən...
xa0
Bu mehr küləyi yerinə düşdü,
Çəmənlər məhəbbət sehrinə düşdü.
Meh vurdu, çiçəklər gəldi baş-başa,
Nə yaxşı aralar aradan gedir,
Quşqonmaz tikanı sıradan gedir.
Damcılar süzülür üstdən aşağı,
Boynu ağırlaşan bənövşələr də
Özcə yarpağına baş qoyub yatar.
Hərə həmdəmini tapır deyəsən
Daşqapan tayını qapır deyəsən-
Başının altına daş qoyub yatar-..
Mən onda görmüşəm kövrələn daşı...
Onda xatirələr durur yanaşı,
Mən onda bildim ki, sən mənimləsən...
xa0
İsaq-Musaq quşu nəsə axtarır,
Düşüb bir doğmaca səsə axtarır
Quş dili bilənlər ruh dili bilir,
Süleyman quş dili bilən vaxtları,
Nifrətin, pisliyin ölən vaxtları,
Güllərin baş-başa gələn vaxtları,
Bax, onda bilirəm sən mənimləsən.
Qəzəblər yox olub savaş bitəndə,
Haqqın ətəyinə əlim yetəndə,
Boynu ağırlaşan o bənövşələr
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 gəlir yanıma,
Eşqi həmişələr gəlir yanıma
Mən onda bilirəm sən yanımdasan.
xa0
İnsafla işləsə elçi daşları,
Mərhəmət könlümə cavab yazanda,
Mələklər çiynimdə savab yazanda,
Yığılar başıma qəm yoldaşlarım,
Ümidlər, işıqlar gələr yanıma,
Bütün yaxşılıqlar gələr yanıma-
Onda bilirəm ki, sən yanımdasan.
xa0
Şahdağı yanında Sənəm yaylağı,
Nə Sənəm qocalar, nə də Şahdağı.
Şah qalar əbədi, Sənəm də qalar,
Mən onda qalaram, o məndə qalar.
Yanında ailələr düşərgə salar,
Dağdakı lalələr gələr yanıma,
Eşqi piyalələr gələr yanıma.
Mən onda bilərəm sən mənimləsən.
xa0
Sən ey mavi göylər,
Səmavi göylər!
Görəsən göylərin qəfəsi varmı?
Görəsən ruhların nəfəsi varmı?
Üfüqdən-üfüqə uça bilirsə,
Durna qatarında nizam qalacaq.
Bizi o qatara yazan qalacaq.
Qalacaq, məhəbbət təzə qalacaq!
Sədaqət rəmzidir,
Bir yaşam tərzi,
Leylək yuvaları,
Haqq tərəzisi,
Bir gözündə mənəm,
Bir gözündə sən,
Yer üzündə mənəm,
Göy üzündə sən.
Göyün azadlığı saxlayar bizi,
Yerin tarazlığı saxlayar bizi.
Qalarıq yer ilə göy arasında,
Gedərik ələnmiş ələklər ilə,
Gələrik qanadlı mələklər ilə.
Deməli əbədi sən mənimləsən...xa0 xa0
xa0Hazırladı: Elmin Nuri











































































































