Alimlərin proqnozuna görə, dünyada xərçəngin yeni halları 2050-ci ilə qədər təxminən 67% artacaq – 2024-cü ildəki 21 milyon diaqnozdan 2050-ci ildə 34 milyonadək yüksələcək. Bununla belə, xərçəngdən ölənlərin təqribən yarısinin qarşısını almaq mümkündür.
Bizim.Media xəbər verir ki, tədqiqat “CA: A Cancer Journal for Clinicians” jurnalında dərc olunub.
Bu artımın səbəbi insanların sağlamlığının pisləşməsi deyil, əhalinin artması və qocalmasıdır. İnsanlar nə qədər çox və nə qədər uzun yaşasalar, riski yaşla birlikdə artan xərçəngə bir o qədər tez-tez rast gəlinir. Hesablamalara görө, dünyada hər beş nəfərdən biri həyatında heç olmasa bir dəfə onkoloji xəstəliklə qarşılaşacaq.
Amerika Xərçəng Cəmiyyətindən Hyuna Sonun rəhbərlik etdiyi tədqiqatçılar 2024-cü il üzrə Qlobal GLOBOCAN layihəsinin məlumatlarına istinad ediblər. Həmin il dünyada 21 milyon yeni xərçəng və 9.8 milyon ölüm halı qeydə alınıb. Ən geniş yayılmış növ ağciyər xərçəngidir (2.6 milyon yeni hal və ya bütün onkoloji xəstəliklərin 13%-i), ondan sonra qadınlarda süd vəzi xərçəngi gəlir (2.4 milyon hal).
Narahatedici proqnoza baxmayaraq, müəlliflər vurğulayırlar ki, xəstəliklərin və ölümlərin əhəmiyyətli hissəsinin qarşısını almaq olar. Siqaret və alkoqoldan imtina etmək, sağlam qidalanmaq, fiziki aktivlik, xərçəng törədən viruslara qarşı peyvənd olunmaq və erkən diaqnostika əks halda onkologiyadan öləcək insanların təxminən yarısını xilas edə bilər.
Alimlərin sözlərinə görə, səhiyyə sistemlərinə düşən yük xüsusilə diaqnostika və müalicə üçün resursları çatışmayan aşağı və orta gəlirli ölkələr üçün daha ağır olacaq. Buna görə də müəlliflər yaxınlaşan artımın nəticələrini yumşaltmaq üçün hələ indi profilaktikaya və xərçəngin erkən aşkar edilməsinə sərmayə qoymağa çağırırlar.
Bizim.Media
































































































