Ukrayna Təhlükəsizlik Xidməti (XDU) Kiyev ətrafındakı su anbarının sahilində yerləşən otellərin birindən Ukrayna Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin fotolarını çəkən qadını saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanları rəsmi məlumat yayıb.
İstintaqın qənaətinə görə, saxlanılan şəxs Rusiya ordusunun bu il mayın 24-də Ukrayna paytaxtına təşkil etdiyi ən irimiqyaslı hava hücumlarından birinin koordinasiya edilməsində birbaşa iştirak edib. Bundan əlavə, onun Kiyevə qarşı planlaşdırılan yeni zərbələrin hazırlanması prosesinə cəlb olunduğu bildirilir.
Qurumun rəsmi məlumatında qeyd olunur ki, Çernomorsk şəhərindən olan işsiz qadın Kiyev su anbarının sahilindəki otel kompleksinə turist kimi gəlib. Su akvatoriyasına baxan otel nömrəsində məskunlaşan agent, pəncərənin qarşısında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) üçün uzaqdan idarəetmə imkanı olan xüsusi telefon kamerası quraşdırıb. Rusiya xüsusi xidmət orqanları bu kamera vasitəsilə real vaxt rejimində Ukrayna HHM qüvvələrinin yerləşdiyi lokasiyaları və onların döyüş fəaliyyətini izləməyi planlaşdırıblar.
Ukrayna hərbi əks-kəşfiyyatçıları qadını su hövzəsinə yaxın digər bir oteldə növbəti "müşahidə məntəqəsi" qurmağa çalışarkən cinayət başında yaxalayaraq həbs ediblər.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün Kiyevə hücum çərçivəsində bir Patriot HHM sisteminin vurulduğu ilə bağlı məlumat yaymışdı.
Bizim.Media






































































































