ABŞ-ın Мyanmadakı səfirliyinin əməkdaşı ölkənin ən böyük şəhəri olan Yanqonda ölü tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Diplomatın cəsədi təxminən iki həftə əvvəl Yanqondakı "Sakura Residence & Hotel" hotelində aşkarlanıb. Bu yaşayış kompleksi ABŞ səfirliyindən 1.5 kilometr məsafədə yerləşir və adətən diplomatlar, xarici iş adamları tərəfindən geniş istifadə olunur.
ABŞ Dövlət Departamenti səfirlik əməkdaşının ölüm faktını təsdiqləsə də, mərhumun ailəsinin şəxsi həyatına hörmət əlaməti olaraq hələlik geniş şərh verməkdən imtina edib.
Hüquq-mühafizə orqanları hadisəni qətl hadisəsi kimi araşdırır. Cinayətdə şübhəli bilinən bir Tailand vətəndaşı (qadın) artıq polis tərəfindən saxlanılıb. Tailand Xarici İşlər Nazirliyi saxlanılan şəxsə konsulluq dəstəyi göstərildiyini və ailəsinin məlumatlandırıldığını bildirib.
Yanqon polisi və hotel rəhbərliyi istintaqın davam etdiyini əsas gətirərək hələlik hadisənin motivləri barədə mətbuata rəsmi açıqlama vermir.
Bizim.Media

































































































