"Kremlin təhdidləri blefdir” - Erməni politoloq

"Kremlin təhdidləri blefdir” - Erməni politoloq

Hazırda oxunan: "Kremlin təhdidləri blefdir” - Erməni politoloq

616401

Ermənistanda keçiriləcək parlament seçkilərinə bir həftə qalmış Moskva Nikol Paşinyan hökumətinə qarşı təzyiqləri artırır. Rusiya Xarici İşlər Nazirliyi "Ermənistan rəhbərliyinin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma addımları rəsmi İrəvanın Avrasiya İqtisadi Birliyi (Avrasiya İqtisadi İttifaqı - Avrasiya İttifaqı) çərçivəsindəki öhdəliklərinə zərər vurur" bəyanatı ilə öz səfiri Sergey Kopırkini məsləhətləşmələr üçün Moskvaya çağırıb.

Bizim.Media xəbər verir ki, mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan rəhbərliyi Ermənistanı Aİ ilə bu birlik arasında seçim etmək üçün tezliklə referendum keçirməyə çağırıb.

Sammitin birgə bəyanatında qeyd olunub ki, dekabr ayında Ermənistanla bağlı müqavilənin dayandırılmasının mümkün iqtisadi fəsadlarına dair hesabat təqdim olunacaq.

Rusiya Prezidenti Vladimir Putin isə xəbərdarlıq edib ki, ittifaqdan çıxacağı təqdirdə İrəvan azad ticarət zonasından məhrum ediləcək, enerji daşıyıcılarının qiyməti artacaq və avtonəqliyyat daşımalarına qarşı tələblər sərtləşdiriləcək.

"Məqsəd Ermənistandakı seçki nəticələrinə təsir etməkdir"

Kremlin bu addımlarını haqqin.az saytına şərh edən tanınmış erməni politoloq, İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan bildirib ki, Avrasiya İttifaqı liderlərinin referendum təklifi hüquqi cəhətdən əsassızdır:

"Ermənistan Aİ-yə üzvlük üçün namizədlik statusu qazanmaq üçün rəsmi müraciət belə etməyib. Buna görə də qanunvericiliyə əsasən heç bir referendum tələb olunmur. Avrasiya İttifaqı ilə Aİ arasında hər hansı kəskin dilemman qoymaq yersizdir, çünki Ermənistanın Avropa İttifaqına daxil olması perspektivi, yumşaq desək, bir neçə onilliyin məsələsidir".

Politoloqun sözlərinə görə, Astanadakı bəyanat rəsmi tərəfdaşların Aİ-yə münasibətini deyil, İrəvanla Moskva arasında mövcud olan gərginliyi əks etdirir:

"Bu, seçki ərəfəsində ilk dəfə baş vermir. Moskva əvvəllər də mineral suların, tərəvəzlərin və meyvələrin ixracına qadağa qoymaqla bu cür rıçaqlardan istifadə edib. Rusiyanın ticarət məhdudiyyətləri, rüsumsuz qaz və neft tədarükünü dayandırmaq təhdidləri səsvermənin nəticələrinə təsir göstərmək məqsədi daşıyan seçkiönü gedişlərdir".

"Həqiqi böhran məsələləri seçkidən sonra həll olunacaq"

İskəndəryan hesab edir ki, Rusiyanın parlament seçkilərinin nəticələrinə birbaşa təsir etmək üçün real imkanları yoxdur.

Kremlin seçkilərdə iştirak etmək üçün Rusiyadan 100 min ermənini gətirəcəyi barədə təhdidləri isə politoloq "absurd" və "seçiciləri qorxutmaq məqsədi daşıyan manipulyasiya" adlandırıb:

"İyunun 7-dən sonra Rusiya Ermənistanda seçilən hər hansı yeni hökumətlə işləməyə məcbur olacaq. Bu, münasibətlərin dərhal düzələcəyi demək deyil. Sadəcə, böhranlı məsələlər siyasi məcrada həllini tapmağa başlayacaq. Moskva, İrəvan və Avropa üçbucağında real siyasətin necə qurulacağını biz yalnız səsvermədən sonra görəcəyik".

Ekspert seçkilərdən sonra iki ölkə arasında həllini gözləyən fundamental problemlərin olduğunu da gizlətməyib:

"Bura Rusiyanın Ermənistanda tikilməsini təklif etdiyi yeni atom elektrik stansiyası layihəsi və Rusiyanın konsessiyasında olan Ermənistan dəmir yolları ilə bağlı ciddi suallar daxildir. Bütün bu real problemlər məhz seçkilərdən sonra müzakirə ediləcək. Ola bilsin ki, böhran bir müddət də davam etsin, lakin hər şey səsvermə bitdikdən sonra aydınlaşacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO