Tramp elçilərinin İranla razılaşdırdığı sazişə dəyişikliklər etdi - DETALLAR

Tramp elçilərinin İranla razılaşdırdığı sazişə dəyişikliklər etdi - DETALLAR

Hazırda oxunan: Tramp elçilərinin İranla razılaşdırdığı sazişə dəyişikliklər etdi - DETALLAR

616305

ABŞ Prezidenti Donald Tramp cümə günü Situasiya Mərkəzində baş tutan görüş zamanı elçilərinin iranlı həmkarları ilə əldə etdiyi razılaşmaya bir neçə düzəliş edilməsini istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı administrasiyadakı yüksəkrütbəli mənbələrə istinadən məlumat yayıb.
 

İki ABŞ rəsmisinin bildirdiyinə görə, Tramp sövdələşməni bağlamaq istəyir və bunun yaxın vaxtlarda baş tutacağına ümid edir, lakin onun üçün vacib olan bir neçə bəndi, xüsusən də İranın nüvə materialları ilə bağlı məsələləri gücləndirməyə çalışır. Trampın bu xahişi tərəflər arasında bir neçə gün çəkə biləcək növbəti danışıqlar raundunun əsasını qoyub.


ABŞ Prezidenti cümə günü bu sövdələşmə ilə bağlı Situasiya Mərkəzində müşavirə keçirəcəyini elan etmiş və razılaşmağa meylli olduğuna dair işarə vurmuşdu.

Görüşdən sonra Ağ Evin nümayəndəsi jurnalistlərə bildirib ki, Tramp "yalnız Amerikanın xeyrinə olacaq, onun tələblərinə cavab verəcək və İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyinə zəmanət verəcək bir saziş imzalayacaq".

İki mənbənin verdiyi məlumata görə, Tramp öz komandasından İranın nüvə proqramı ilə bağlı bəndlərin layihəsinə dəyişikliklər edilməsini xahiş edib.

Anlaşma memorandumunun hazırkı variantında İranın nüvə silahı əldə etməyə çalışmayacağı barədə öhdəliyi yer alır, lakin bundan başqa heç bir konkret güzəşt nəzərdə tutulmur.
 

Sənəddə qeyd olunur ki, İranın nüvə öhdəlikləri və ABŞ-ın sanksiyalarının yumşaldılması üzrə danışıqlar üçün 60 günlük "pəncərə" təqdim ediləcək. Bu zaman gündəlikdəki ilk məsələlər İranın zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyası və gələcək zənginləşdirmənin məhdudlaşdırılması olacaq. Tramp məhz bu hissəyə düzəliş etməyə çalışır.


Administrasiyanın yüksəkrütbəli rəsmisi zənginləşdirilmiş uranı nəzərdə tutaraq, "Söhbət ABŞ-ın materialları necə və hansı müddətdə əldə etməsindən gedir", — deyə bildirib.

İkinci mənbə isə qeyd edib ki, Tramp Hürmüz boğazının açılması ilə bağlı bəzi ifadələrdə də dəyişiklik etmək istəyir.

Amerikalı rəsminin sözlərinə görə, Trampa iranlıların cavabla qayıtması üçün təxminən üç gün vaxt lazım olacağı bildirilib.

"Onlar hərfi mənada mağaralardadırlar və elektron poçtdan istifadə etmirlər", — deyə administrasiyanın yüksəkrütbəli nümayəndəsi qeyd edib.

O əlavə edib: "Sövdələşmə baş tutacaq. Bu, qaçılmazdır, görərik. Prezidentin istədiyini alması üçün gözləməyə hazırıq. Bu, bir həftə çəkə bilər. Bəlkə daha az, bəlkə daha çox. Həftənin sonunda nə isə əldə edəcəyimizə ümid edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO