ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İranın uzunmüddətli blokadası ilə bağlı plan hazırlamağı tapşırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, planın məqsədi İranın dövlət gəlirlərini zəiflətmək, Tehran rejiminə təzyiqi artırmaq və onu nüvə proqramından imtinaya məcbur etməkdir.
ABŞ rəsmilərinin sözlərinə görə, Tramp bu qərarı bir neçə görüşdə, o cümlədən aprelin 27-də Ağ Evin Situasiya Mərkəzində keçirilən müzakirələr zamanı qəbul edib.
Prezident İran neftinin ixracının məhdudlaşdırılması və İran limanlarında gəmiçiliyə mane olunması ilə bağlı tədbirləri dəstəkləyib. Bu addımların ölkəni dünya iqtisadiyyatından daha da təcrid etməyə yönəldiyi bildirilir.
“The Wall Street Journal”ın məlumatına görə, Tramp digər variantların — bombardmanların bərpası və ya münaqişədən tam çıxışın — blokadanın davam etdirilməsindən daha riskli olduğunu hesab edir.
Bununla belə, uzunmüddətli blokada strategiyası ABŞ üçün də mənfi nəticələr yarada bilər. Nəşr qeyd edir ki, bu addım benzinin bahalaşmasına, Trampın reytinqinin zəifləməsinə və respublikaçıların aralıq seçkilərdə imkanlarının azalmasına səbəb ola bilər.
Məlumata görə, blokada Hörmüz boğazından keçən gəmi trafikinə də ciddi təsir göstərib. Müharibə başlayandan bəri bu strateji marşrutdan keçən gəmilərin sayında ən aşağı göstəricilər qeydə alınıb.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft daşımaları üçün əsas marşrutlardan biri hesab olunur və buradakı istənilən məhdudiyyət qlobal enerji bazarına birbaşa təsir göstərə bilər.
Bizim.Media







































































































