
- A-
- A
- A+
Mətbuat Şurası İdarə Heyəti üzvünün sənədli reportajı böyük maraq doğurub – Video
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist və sənədli filmlər müəllifi Vəfa Həmzəyevanın “KARABAKH DISCOVER” layihəsi çərçivəsində hazırladığı Azıx mağarası haqqında xüsusi reportaj təhsil ictimaiyyətinin, eləcə də yerli və xarici auditoriyanın marağına səbəb olub.
Bizim.Media xəbər verir ki, reportaj yayımlandıqdan sonra Bakı və regionlardakı məktəblərdə çalışan tarix və coğrafiya müəllimləri materialı dərslərdə şagirdlərə göstərdiklərini bildiriblər.
Müəllimlər belə materialların dərsliklərdəki məlumatları real görüntülərlə tamamladığını, şagirdlərin tarixi məkanları daha aydın təsəvvür etməsinə kömək etdiyini vurğulayıblar.
Müraciətlərdə layihənin davam etdirilməsi və digər tarixi məkanlar haqqında da sənədli buraxılışların hazırlanması istənilib.
Azərbaycan dilində yayımlanan, daha sonra ingilisdilli auditoriyaya təqdim edilən 15 dəqiqəlik reportajda Azıx mağarasının daxili zalları, dar keçidləri, arxeoloji qazıntı sahələri və təbii mühiti göstərilir. Arxeoloqun iştirakı ilə mağaranın elmi əhəmiyyəti, burada aşkar edilmiş tapıntılar və davam edən tədqiqatlar barədə məlumat verilir. Reportajda işğal dövründə erməni vandallığına məruz qalan Azıx mağarasının divarlarındakı yazılar da sənədləşdirilib, abidənin qorunmasının vacibliyi vurğulanıb.
Layihənin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində də nəticələr əldə olunub. Xaricdə yaşayan azərbaycanlılar öz təşəbbüsləri ilə reportajın Fransa və Almaniyada ingilis və fransız dillərində yayılmasını təmin ediblər. Məqsəd Azıx mağarası və onun Azərbaycanın arxeoloji irsindəki yeri haqqında məlumatları xarici auditoriyaya çatdırmaqdır.
Layihəyə gələn müraciətlər yalnız Azıx mağarası ilə məhdudlaşmır. İzləyicilər Qarabağın tarixi və mədəni irsini əks etdirən digər məkanların da sənədləşdirilməsini təklif edirlər.
“Xəritənin göstərmədiyi Qarabağ” şüarı ilə həyata keçirilən “KARABAKH DISCOVER” müstəqil müəllif layihəsidir. Layihə Qarabağ və Şərqi Zəngəzurun tarixini, mədəni irsini və təbiətini yerində çəkilmiş görüntülər, mütəxəssis izahları və faktlara əsaslanan sənədli materiallarla yerli və beynəlxalq auditoriyaya təqdim edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































