Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir – RƏSMİ

Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir – RƏSMİ

Hazırda oxunan: Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir – RƏSMİ

638254

Ali məktəbə qəbul olmaq hər bir gənc üçün böyük uğur olsa da, müstəqil həyata ilk addımlar heç də həmişə asan olmur. Təhsil, yaşayış, maddi təminat, psixoloji adaptasiya və gələcəkdə işlə təmin olunmaq kimi məsələlər istənilən gənc üçün böyük qayğıdır.

Xüsusilə də uşaq evlərindən çıxan, valideyn, qohum-qardaş dəstəyi olmayan gənclərin qarşısında bu qayğılar ikiqat artır. Belə ki bu il uşaq evlərindən 28 gənc ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunub.

Maraqlıdır, onlar həyatlarının yeni mərhələsində dövlət tərəfindən hansı dəstəyi alırlar? Təhsil müddətində yaşayış və digər sosial-maddi ehtiyacları necə qarşılanır?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar həyatlarının bütün mərhələlərində dövlət qayğısı ilə əhatə olunurlar. Onlara sosial, psixoloji, məişət, pedaqoji və digər xidmətlər göstərilir. Əsas məqsəd onların təhlükəsizliyinin, inkişafının, təhsilinin və cəmiyyətə sağlam inteqrasiyasının təmin edilməsidir.
 

Qeyd olunub ki, bu qayğı yalnız onların uşaq evində yaşadığı dövrlə məhdudlaşmır. Valideyn himayəsindən məhrum olmuş və ali, orta ixtisas və ya peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər də təhsil aldıqları müddətdə müvafiq qayğı ilə təmin olunurlar.


Onların yeni həyata adaptasiyası, təhsillərini davam etdirməsi, məşğulluğunun təmin olunması və digər sosial məsələlərin həlli istiqamətində müəssisələrdə çalışan sosial işçilər və psixoloqlar tərəfindən dəstək göstərilir.

Bununla yanaşı, qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzəldikdə dövlət tərəfindən 6000 manat məbləğində birdəfəlik müavinət də alırlar.

Beləliklə, uşaq evinin tələbələrinə təhsil və müstəqil həyata keçid mərhələsində onların qarşılaşa biləcəyi sosial və məişət çətinliklərinin aradan qaldırılması üçün dəstək mexanizmləri davam etdirilir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO