2026-cı ildə payız fəsli Azərbaycana 23 sentyabr saat 04:05-də daxil olacaq və beləliklə, şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə astronomik yaz başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd edilib ki, Günəş illik hərəkəti zamanı iki nöqtədə - yaz və payız bərabərliyi nöqtələrində göy ekvatorunu kəsir.
Payız bərabərliyi nöqtəsindən keçməklə, Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu andan etibarən isə şimal yarımkürəsində payız fəsli, cənub yarımkürəsində isə yaz fəsli başlayır.
Həmin gün Günəşin şüaları Yerə düz bucaq altında düşdüyünə görə gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Şimal yarımkürəsində günlər qısalmağa, gecələr uzanmağa, havalar tədricən soyumağa başlayır. Cənub yarımkürəsində isə əksi baş verir və bu proses qış günəşduruşunadək davam edir.
Qeyd edək ki, ekvatorda gecə ilə gündüzün uzunluğu ilboyu dəyişmir və 12 saat olaraq qalır.
Ekvatordan qütblərə doğru getdikcə isə Günəş şüasının düşmə bucağı zamanla dəyişdiyindən bu fərq artaraq yay və qış günəşduruşu günləri 24 saata çatır.
Beləliklə, fəsillərin yaranmasının əsas səbəbi ekliptika ilə göy ekvatorunun 23.5-lik bucaq əmələ gətirməsi, ilin müxtəlif vaxtlarında Günəş şüalarının düşmə bucağının dəyişməsi və Yer səthinin fərqli miqdarda istilik alması ilə əlaqədardır. (modern.az)
Bizim.Media































































































