İstehlakçılar kosmetik məhsul alarkən həm sağlamlıqlarını qorumaq, həm də saxta məhsullardan yayınmaq üçün bir sıra vacib məqamlara diqqət yetirməlidirlər. İlk növbədə məhsulun qablaşdırılması, etiket məlumatları və üzərində göstərilən məlumatların tamlığı yoxlanılmalıdır. Məhsulun istehsal edildiyi ölkə, istehsalçı şirkət, istehsal və son istifadə tarixi, istifadə qaydaları və saxlanma şəraiti barədə məlumatların olması vacibdir.
Bundan əlavə, məhsulun qablaşdırılmasında hansısa zədələnmə, silinmiş və ya dəyişdirilmiş etiketlər müşahidə edilərsə, bu kimi hallara diqqətlə yanaşmaq lazımdır. İstehlakçıda məhsulun mənşəyi və ya təhlükəsizliyi ilə bağlı hansısa şübhə yaranarsa, satıcıdan həmin məhsula verilmiş gigiyenik sertifikatın surətini tələb edə bilər. Bu, istehlakçının daha məlumatlı seçim etməsinə və təhlükəsiz məhsuldan istifadə etməsinə kömək göstərir.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov bildirib.
O deyib ki, kosmetik məhsulların yalnız etibarlı satış məntəqələrindən, rəsmi mağazalardan və ya səlahiyyətli satış nümayəndələrindən alınması tövsiyə edilir:
“Gigiyenik sertifikat məhsulun sanitar-gigiyenik norma və tələblərə uyğunluğunu təsdiq edən rəsmi sənəd olsa da, istehlakçının məhsulu alarkən onun qablaşdırılmasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməsi də sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kimi məqamlara diqqət yetirilməsi istehlakçının keyfiyyətli, təhlükəsiz və etibarlı kosmetik məhsul seçməsinə kömək edir”.
Onun sözlərinə görə, Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən verilən gigiyenik sertifikat məhsulların sanitariya-gigiyenik norma və tələblərə uyğunluğunu, həmçinin insan sağlamlığı üçün təhlükəsiz olduğunu təsdiq edən rəsmi sənəddir.
Bu sənəd məhsulun müəyyən laborator və sənəd yoxlamalarından keçdiyini göstərir. “Gigiyenik sertifikatın əsas məqsədi insan sağlamlığının qorunması, qanuni satışın və idxal prosesinin təmin edilməsi, eləcə də məhsullar üzərində keyfiyyətə nəzarətin həyata keçirilməsidir. Gigiyenik sertifikat bir il müddətinə verilir. Lakin məhsulun saxlanma şəraitinə və daşınma qaydalarına ciddi riayət olunmalıdır. Məhsulun saxlanma şəraiti düzgün olmadıqda və ya daşınma qaydaları pozulduqda avtomatik olaraq gigiyenik sertifikat öz qüvvəsini itirir”, - deyə o vurğulayıb.
Orxan İsmayılov diqqətə çatdırıb ki, əgər gigiyenik sertifikatın müddəti bitibsə, sahibkar yeni sənəd toplusu və məhsul nümunələri ilə Respublika Sanitariya-Karantin Mərkəzinə təkrar müraciət etməli və gigiyenik sertifikatını yeniləməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:55 / 22.09.2026
Saxta kosmetik məhsulu necə tanımaq olar? – Nazirliyin mütəxəssisi AÇIQLADI
Hazırda oxunan: Saxta kosmetik məhsulu necə tanımaq olar? – Nazirliyin mütəxəssisi AÇIQLADI
Hazırda oxunan: Saxta kosmetik məhsulu necə tanımaq olar? – Nazirliyin mütəxəssisi AÇIQLADI
638082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































