Əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsin hüquqları Əmək Məcəlləsi ilə tənzimlənir. İşçinin və işəgötürənin bütün hüquq və vəzifələri bu Məcəllədə əksini tapıb.
Qanunvericilikdə yer alan məsələlərdən biri də işə xitam verilməsidir
Bizim.Media xəbər verir ki, Əmək Məcəlləsinin 10-cu fəsli əmək müqaviləsinə xitam verilməsi məsələsinə həsr olunub.
Birinci onu qeyd edək ki, işçi həmin gün işinə xitam verilməsi halları istisna olmaqla bir ay öncədən yazılı şəkildə işdən çıxacağını işəgötürənə xəbər verməlidir. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.
Bu halda əmək müqaviləsinə xitam verilə bilməz.
Lakin burada bir şərt var. Belə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir.
Bundan başqa, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır.
Qanun kimlərin işdən çıxarılmasını qadağan edir?
Əmək Məcəlləsinə əsasən, aşağıdakı hallarda işçilərlə əmək müqaviləsinə 70-ci maddədə (İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi) nəzərdə tutulan əsaslarla xitam verilməsi qadağandır:
- Hamilə qadınlar;
- Üç yaşınadək uşağı olan qadınlar;
- Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
- Yeganə qazanc yeri işlədiyi iş yeri olan və məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər;
- Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilər;
- Şəkərli diabet xəstəsi olan işçilər;
- Dağınıq skleroz xəstəsi olan işçilər;
- Həmkarlar ittifaqı təşkilatına üzv olduğuna görə işçilər;
- Hər hansı siyasi partiyaya üzv olduğuna görə işçilər;
- Öhdəsində əlilliyi olan uşaq olan işçilər;
- Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilər;
- Məzuniyyətdə olan işçilər;
- Ezamiyyətdə olan işçilər;
- Kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilər.
Qeyd edək ki, Məcəllənin 70-ci maddəsində işəgötürənin əmək müqaviləsinə xitam verilməsinin əsasları qeyd edilib.
Həmin əsaslara görə, işəgötürən tərəfindən müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsinə xitam verilə bilər.
Günay Şahmar, Bizim.Media
































































































