Yeniyetməlik dövründə qız və oğlanlarda ən çox rast gəlinən reproduktiv sağlamlıqla bağlı narahatlıqlar açıqlanıb.
Bizim.Media Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin Ailə Planlanması Məsləhətxanasının ginekoloqu Leyla Allahverdiyeva danışıb.
Həkimin sözlərinə görə, qızlar arasında ən çox rast gəlinən problemlər sırasında menstrual dövrlərin nizamsızlığı, ağrılı menstruasiya və hormonal disbalanslar yer alır.
Mütəxəssis qeyd edib ki, menstruasiyanın başlanmasından sonra ilk bir neçə il ərzində dövrlərin qeyri-müntəzəm olması hormonal sistemin tənzimlənmə prosesi ilə əlaqədar normal hesab oluna bilər. Lakin davamlı şiddətli ağrı, həddindən artıq qanaxma, uzunmüddətli gecikmələr və ya qısa menstruasiya dövrü hallarında mütləq tibbi müayinə aparılmalıdır. Polikistik yumurtalıq sindromu (PCOS), qalxanabənzər vəzi ilə əlaqədar və digər endokrin problemlər də yeniyetməlik dövründə üzə çıxa bilər və peşəkar nəzarət tələb edir.
Həkim Leyla Allahverdiyevə bildirib ki, oğlanlarda isə tez və ya gec cinsi yetkinləşmə, hormonal disbalans və xayaların inkişafı ilə bağlı problemlər müşahidə olunur. Bəzi yeniyetmələrdə varikosel, iltihabi proseslər və ya infeksiyalar kimi vəziyyətlər də rast gəlinir. Hormon səviyyələrindəki dəyişikliklər nəticəsində sızanaqlar, həddindən artıq tərləmə və bədən qoxusunun dəyişməsi kimi narahatlıqlar da yarana bilər.
Bəzi oğlanlarda müvəqqəti süd vəzisi böyüməsi (ginekomastiya) müşahidə edilir ki, həkim bunun çox vaxt fizioloji xarakter daşıdığını vurğulayıb.
Bizim.Media

































































































