
- A-
- A
- A+
Həbsxanalardakı peşə məktəblərində tədris necə təşkil olunacaq? – ÖZƏL
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin pedaqoji şuralarının vəzifələri, hüquqları və fəaliyyət qaydaları təsdiqlənib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu müəssisələrin Pedaqoji Şurası haqqında ayrıca Əsasnamə qəbul edilib.
Əsasnaməyə əsasən, pedaqoji şura müəssisəyə ümumi rəhbərliyi həyata keçirən ali idarəetmə orqanıdır. Onun əsas vəzifələri tədrisin təşkilinə nəzarət etmək, təhsil keyfiyyətinin artırılması ilə bağlı məsələləri müzakirə etmək, kadr hazırlığını yaxşılaşdırmaq və təhsilalanların əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır.
Şura müəssisənin illik fəaliyyət planını, daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələləri və özünütəhlil hesabatını müzakirə edəcək. Akkreditasiya nəticəsində verilən tövsiyələrin icrası üçün hazırlanan fəaliyyət planının təsdiqi ilə bağlı da qərarlar qəbul ediləcək.
Sənəddə direktorun tədris məsələlərinə dair hesabatının dinlənilməsi və fəaliyyətinin qiymətləndirilməsi də nəzərdə tutulur.
Tədris və təlim işləri üzrə direktor müavininin, metodiki komissiyaların rəhbərlərinin hesabatlarına da baxılacaq.
Pedaqoji şura yeni təhsil proqramlarının və ixtisasların açılması ilə bağlı təklifləri müzakirə edə, tələbə qəbulu üzrə əmək bazarının tələbatını, müəssisənin maddi-texniki imkanlarını və kadr potensialını nəzərə alaraq Elm və Təhsil Nazirliyinə təqdim olunmaq üçün təkliflər hazırlaya bilər.
Əsasnaməyə görə, şuranın tərkibinə müəssisənin direktoru, tədris və təlim işləri üzrə direktor müavini, baş usta, müəllimlər, istehsalat təlimi ustaları və cəzaçəkmə müəssisəsinin rəhbərliyinin nümayəndələri daxil edilir. Tərkib hər tədris ilinin əvvəlində direktorun əmri ilə təsdiqlənir.
Şuranın iclasları tədris ili ərzində ən azı dörd dəfə keçiriləcək.
İclasın səlahiyyətli olması üçün üzvlərin azı üçdə ikisi iştirak etməlidir. Qərarlar sadə səs çoxluğu ilə qəbul olunur, səslər bərabər olduqda isə sədrin səsi həlledici sayılır.
Şuranın qərarları müəssisə və onun rəhbəri üçün məcburidir. Qanunvericiliyə zidd və ya prosedur pozuntusu ilə qəbul edilmiş qərarlar ləğv edilə, şuranın qərarlarından isə inzibati qaydada və ya məhkəmə yolu ilə şikayət verilə bilər.
Qeyd edək ki, qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudova tapşırılıb.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































