
- A-
- A
- A+
Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT
“Ukrayna Rusiya ilə ən yüksək səviyyədə birbaşa danışıqlara, o cümlədən ərazi məsələsinin müzakirəsinə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş sülh prosesinə yeni məzmun qazandıra bilər.
“Zelenski ən mürəkkəb və həssas məsələləri, o cümlədən ərazi məsələsini müzakirə etməyə hazırdır. Kiyev atəşkəsin elan edilməsində israr edir və Moskva və Belarus istisna olmaqla, demək olar ki, istənilən yerdə görüş keçirməyə hazırdır”, – deyə Sibiqa vurğulayıb.
Nazir Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Putinlə telefon danışığını da dəstəkləyib və bunu sülh səylərində “irəliyə doğru addım” adlandırıb.
Sibiqanın sözlərinə görə, telefon danışığı Kiyevlə razılaşdırılıb. Moskva üçün əsas mesajlar arasında atəşkəs tələbi və iki prezidentin görüşünün təşkili təklifi olub: “Bununla belə, Ukrayna tərəfi Rusiyanın müharibəni diplomatik yolla başa çatdırmağa həqiqətən hazır olduğuna dair əlamətlər görmür”.
Nazir bildirib ki, Moskva Ukrayna şəhərlərinə zərbələri gücləndirməkdə davam edir və son iki həftə ərzində Rusiyanın təxminən 100 ballistik raketdən istifadə etdiyi bildirilir.
Sibiqa Avropanın sülh səylərində daha fəal iştirak etməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, o qeyd edib ki, ABŞ-nin iştirakı olmadan müharibəyə son qoymaq və Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları əldə etmək real görünmür.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































