İlanlar niyə gözəl qadınlara dolanır – Mif, basdırılmış duyğular yoxsa həqiqət?

İlanlar niyə gözəl qadınlara dolanır – Mif, basdırılmış duyğular yoxsa həqiqət?

Hazırda oxunan: İlanlar niyə gözəl qadınlara dolanır – Mif, basdırılmış duyğular yoxsa həqiqət?

630347

Asiya və Şərq xalqlarının folklorunda ilan obrazı sadəcə təhlükəli heyvan kimi deyil, həm də sirli, fövqəltəbii və bəzən romantik-şəhvani xüsusiyyətlərə malik varlıq kimi təqdim olunur. Xüsusilə ilanların qadın gözəlliyinə heyran olması ilə bağlı çoxlu əfsanə və inanclar mövcuddur.

Müxtəlif Şərq rəvayətlərində ilanın gözəl qıza aşiq olması, yaxud ilanın gözəl gənc oğlana çevrilərək qızla evlənməsi kimi motivlərə rast gəlinir.

Bunlardan ən çox yayılmış rəvayət isə Anadolu-kürd ədəbiyyatında özünə yer etmiş Şahmaran (farsca: Şah – hökmdar, maran – ilanlar deməkdir) əfsanəsidir. Amma burada məsələ bir az fərqlidir:  Şahmaran yarıqadın-yarıilan formasında olan gözəl məxluqdur, onu hər adam görə bilmir. Bəsirət gözü açıq olanlar bu gözəl varlıqla rastlaşa, bununla da dəli-divanə aşiq olub ya dərviş kimi inzivaya çəkilə ya da Məcnun olub çöllərə düşə bilər.
 

İlan hər nə qədər ürpədici olsa da əslində gözqamaşdırıcı, parlaq dərili heyvandır. Onun hipnotik qabiliyyəti isə təkcə inanclarda deyil, elə elmdə də özünü təsdiqləyib. Bəlkə də bu səbəbdən bu qəribə sürünənlə bağlı saysız-hesabsız rəvayətlər uydurulub.


Məsələn, Hindistanın şimal-şərqində yaşayan bəzi xalqların folklorunda “ilan ər” motivinə rast gəlinir.

Rəvayətlərdən birində gözəl bir qız çayda çimərkən böyük ilan peyda olur. Qıza aşiq olan ilan sonradan yaraşıqlı gənc cildinə girir və qızla evlənir. Eynilə İran, Çin, Koreya folklorunda da ilanla qadın arasında belə əcaib izdivaca rast gəlinir.

Psixoloqlar folklorda özünə yer etmiş bu əfsanələri əslində basdırılmış şəhvani duyğularla əlaqələndirirlər. Xüsusən Şərq mədəniyyətində (dini inancından asılı olmayaraq) insanların öz intim təxəyyülləri, keçirdikləri hisslərlə bağlı danışmaq sərbəstliyi olmayıb. Qadağalar isə ardıyca daha qara, ağlasığmaz fantaziyalara yol açır. Zoofiliya bir psixoloji pozuqluq olaraq istənilən dövrlərdə mövcud olub. Sadəcə söz sərrafları bunu maraqlı rəvayətlər şəklində insanlara “sırıya” biliblər. Nəticədə isə yüziilərin mistik-erotik nağıllar toplusu yaranıb.

Bu motivlərin hamısında diqqət çəkən başqa bir xüsusiyyət də ilanla qadınlığın simvolik əlaqəsidir.

Müxtəlif mədəniyyətlərdə ilan məhsuldarlıq, dərisini (qabığını) dəyişməklə yenilənmə, həyat, şəfa, sirr və cinsi cazibə ilə əlaqələndirilib. Eynilə qadın bədəni də həy ay yenilənmək və dünyaya övlad gətirməklə məhsuldarlıq, həyatvericilik, sağlamlıq, qarşısıalınmaz cazibə kimi rəmzi, eyni zamanda realistik xarakter daşıyır.

Bioloji baxımdan ilanların insanın gözəlliyini, xüsusilə də qadının cazibəsini və ya bədən quruluşunu qiymətləndirdiyinə dair elmi sübut yoxdur. Lakin xalq arasında kifayət qədər şifahi təsdiq var. Müxtəlif dövrlərdə yaşayan ovsunçular fəalliyyətləri dövründə dəfələrlə çay kənarında paltar-palaz yuyan, tala və ya meşədə bitki toplayan (yəni xəlvətdə qalan) gözəl, ağcamaya, dolubədənli qadınlara sarıldığını müşahidə ediblər.
 

Yuxarıdakı məqamları əsas gətirib məntiqlə düşünsək, bunun da həmin yad gözəlləri iştahla kənardan müşahidə edən ovsunçu “dayı”nın fiziki istəyi kimi qəbul etmək olar. Amma mənim uşaqkən qismən şahid olduğum bir hadisədə tövşüyə-tövşüyə ovsunçu qohumumu köməyə çağıran yeniyetmə oğlanın təlaşına dair dumanlı xatirələr var.


Oğlan böyük bacısına ilanın dolandığını bildirib ovsunçudan kömək diləyirdi:

“Qorxma, ona dəyməz, sadəcə sıx dolanıb qızı qaranəfəs edə bilər”, - deyən yaşlı kişi köməyə gedib ilanı uzaqlaşdırmışdı...

Bütün bunlar təsadüfi hallar, müxtəlif qulaqdandolma məlumatlar, şişirtmə reallıqlar da ola bilər. Amma ən maraqlısı budur ki, istər gerçəkdə, istərsə də müxtəlif mədəniyyətlərdə hekayənin məğzi dəyişsə də, əsas simvollar eyni qalır: qadın gözəlliyi, şəhvət, cazibə, heyranlıq, sirr və fövqəltəbiilik.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO