Sosial şəbəkələrdə Xəzər dənizində ilanların çoxalması ilə bağlı görüntülər və məlumatlar yayılıb. Əksər istifadəçilər kadrlardakı ilanların su ilanları olduğunu bildirsələr də, paylaşımlarda onları gürzə və başqa zəhərli sürünənlər adlandırırlar. Hətta qeyd olunur ki, əvvəllər dənizdə yalnız su ilanlarına rast gəlinirdisə, indi gürzələr də görünməyə başlayıb.
Bu iddialar nə dərəcədə doğrudur? Onlar hansı səbəblərlə əlaqədar ola bilər? Aidiyyəti dövlət qurumlarının məsələyə müdaxiləsinə ehtiyac varmı?
Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutu Publik Hüquqi Şəxsinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, Xəzər dənizində və Xəzər dənizi sahilində, xüsusilə çimərliklərə bitişik bəzi ərazilərdə ilanlara rast gəlinməsi mümkündür:
“Burada əsasən iki fərqli vəziyyəti bir-birindən ayırmaq lazımdır. Birincisi, Xəzərin qayalıq sahillərində və suya yaxın ərazilərdə yaşayan su ilanlarıdır. Onlar həmin qayalıqlarda məskunlaşır və əsasən balıqlar, balıq körpələri ilə qidalanırlar. Adətən yaşadıqları qayalıq ərazilərdən uzaqlaşmırlar. Lakin çimərlik mövsümündə insanların çoxalması, səs-küy və digər narahatedici amillər onların sığındıqları yerlərdən çıxmasına səbəb ola bilər. Belə hallarda su ilanlarının dənizdə, hətta insanların olduğu ərazilərə yaxın sularda görünməsi mümkündür. Su ilanları zəhərsizdir və insanlar üçün ciddi təhlükə yaratmırlar”.

Təvəkkül İskəndərov
Mütəxəssis deyib ki, ikinci qrup isə çimərliklərə bitişik quru ərazilərdə yaşayan ilanlardır:
“Daşlı, kolluq, isti və quru, insanların giriş-çıxışının az olduğu sahələrdə, o cümlədən Xəzərin sahilindəki bəzi ərazilərdə gürzələrə və digər ilan növlərinə rast gəlmək mümkündür. Onlar əsasən belə ərazilərdə sığınaraq yaşayırlar və dənizlə heç bir əlaqələri yoxdur. Lakin çimərlik mövsümündə insanların həmin ərazilərə daxil olması, səs-küy və narahatlıq amili ilanların gizləndikləri yerlərdən çıxmasına və sahilə yaxın ərazilərdə görünməsinə səbəb ola bilər. Buna görə də çimərliklərə bitişik, daşlı, kolluq və insan giriş-çıxışının az olduğu ərazilərdə ehtiyatlı olmaq lazımdır”.
T.İsgəndərov qeyd edib ki, sosial şəbəkələrdə bəzən Xəzərin içərisində müxtəlif ilanların, o cümlədən gürzələrin görüldüyü barədə məlumatlar yayılır:
“Burada məsələyə düzgün yanaşmaq vacibdir. Gürzənin dənizin içərisində yaşaması və dəniz ilanı olması uyğun deyil. Dənizdə və suyun içərisində görülən ilanlar, xüsusilə qayalıq sahələrdən açıq suya çıxanlar, böyük ehtimalla su ilanları ola bilər. Yəni Xəzərin içərisində gürzələrin məskunlaşması barədə yayılan məlumatlarla su ilanlarının dənizdə görünməsini eyniləşdirmək düzgün deyil. Su ilanlarının insanlarla eyni su ərazisində görünməsi isə onların yaşayış yerlərində yaranan narahatlıqla əlaqəli ola bilər”.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:52 / 05.08.2026
Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO
Hazırda oxunan: Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO
Hazırda oxunan: Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO
629408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































