Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir

Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir

Hazırda oxunan: Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir

618909

Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktları təkmilləşdirilir.

Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanun layihəsi müzakirəyə çıxaırlıb.
 

Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaqdır.


Eyni zamanda “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliyə əsasən məcburi köçkün statusunun itirilməsi halları da konkretləşəcəkdir.

Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcəkdir.

Həmçinin sözügedən Qanuna təklif olunan dəyişikliyə görə şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerlərindən imtina etdikdə də məcburi köçkün statusunu itirəcəkdir.

Layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir. Mövcud 3 illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcəkdir.

Bundan başqa, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir. Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək, bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaqdır.
 

Keçid müddəalarına əsasən, bu Qanun qüvvəyə mindiyi tarixədək dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məcburi köçkünlərin təhsil haqqı onlar təhsilini başa vurduğu müddətədək dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.


Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO