Bağ mövsümünün açılması ilə əlaqədar ekspertlər ev heyvanları olan həyət evi sahiblərinə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, baytar həkim Natalya Kolesnikova bildirib ki, bir çox məşhur dekorativ bitkilər it və pişiklər üçün zəhərli ola bilər və hətta onların ölümünə səbəb ola bilər.
Həkimin sözlərinə görə, bağlarda geniş yayılan lalə, nərgiz, hiasint (sünbülçiçəyi) və zanbaqlar heyvanlar üçün ciddi təhlükə mənbəyidir.
Xüsusilə lalə və hiasintlərin soğanqılıqları qusma, ishal və ağız boşluğunun kəskin qıcıqlanmasına səbəb olur. Nərgiz bitkisinin tərkibindəki maddələr isə heyvanlarda qıcolma və şiddətli qarın ağrıları yarada bilər. Zanbaqlar isə pişiklər üçün ölümcül risk daşıyır. Bu çiçəyin tozcuğu və ya vazadakı suyu belə heyvanda kəskin böyrək çatışmazlığına yol açır.
Bağlarda rast gəlinən diffenbaxiya və monstera kimi bitkilər də təhlükəsiz deyil. Onlar selikli qişanın şişməsinə və udma çətinliyinə səbəb olur. Əgər heyvan bu bitkiləri yeyibsə, dərhal ağzındakı qalıqları təmizləmək, qusdurmağa çalışmaq və vaxt itirmədən baytara çatdırmaq lazımdır.
Heyvanlar üçün təhlükəsiz olan bitkilər isə bunlardır:
Qızılgüllər;
Günəbaxanlar;
Petuniyalar;
Bənövşələr;
Məxməri çiçəklər (barxatsı).
Əgər təhlükəli güllərdən imtina edə bilmirsinizsə, mütəxəssis onları heyvanların çatmayacağı hündür yerlərdə əkməyi və ya ətrafını xüsusi torla hasarlamağı tövsiyə edir.
Yəni, lalə, nərgiz və zanbaq kimi güllər it və pişikləri zəhərləyə, hətta öldürə bilər. Buna görə də həyətinizdə heyvan varsa, gül əkərkən onların təhlükəsiz olduğundan əmin olmalısınız. (Demokrat.az)
Bizim.Media






































































































