“Sumqayıt” və “Cavid” Ticarət Mərkəzlərinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərov rəhbərlik etdiyi ticarət mərkəzindəki namazgahı bağlayıb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, buna səbəb son vaxtlar namazgaha xeyli sayda dindarın axın etməsi olub:
“Ticarət mərkəzindəki namaz otağından adətən həmin obyektdə çalışan inanclı insanlar istifadə edirdi ki, son vaxtlar onların sayı əhəmiyyətli dərəcədə artmışdı. Bu insanların vəhabi təriqətinə məxsus ola biləcəyindən və məlum amilin gələcəkdə onun üçün hansısa problemə səbəb olacağından ehtiyatlanan iş adamı, ilk növbədə vəhabi hesab etdiyi şəxsləri ticarət mərkəzindən uzaqlaşdırdı. Bunun ardınca namaz otağı da bağlandı ki, bu da həmin ticarət mərkəzində çalışan vətəndaşları digər iş adamı Ağamirzə Əhədova məxsus namazgahdan faydalanmaq məcburiyyəti qarşısında qoydu. Bu gün də A.Əhədova məxsus ticarət mərkəzindəki namazgahdan istifadə edən insanlar N.İsgəndərovun bu addımından narazılıqlarını ifadə etməklə yanaşı, buna heç bir məna verə bilmədiklərini də qeyd edir”.
Məlumat üçün qeyd edək ki, N.İsgəndərov bundan öncə də dəfələrlə “saqqallılara” qarşı sərt addımları ilə gündəmə gəlib.





































































































