Qulu Məhərrəmli: “Telekanalların bu gündə olması kimlər üçünsə çox sərfəlidir”

Qulu Məhərrəmli: “Telekanalların bu gündə olması kimlər üçünsə çox sərfəlidir”

Hazırda oxunan: Qulu Məhərrəmli: “Telekanalların bu gündə olması kimlər üçünsə çox sərfəlidir”

41392

“Son vaxtlar Azərbaycanın bəzi telekanallarında qeyri-etik ifadələrin sayı artıb. Bu məsələ Milli Televiziya və Radio Şurasını ciddi düşündürür və bunların qarşısını almaq istəyir”.
 Moderator.az-ın məlumatına görə, bunu bir neçə gün öncə mətbuata açıqlamasında MTRŞ-ın sədr müavini Qafar Cəbiyev deyib.
O bildirib ki, televiziya hər zaman maarifçilik işi ilə məşğul olmalıdır. Q.Cəbiyevin sözlərinə görə, televiziyanın ən böyük missiyalarından biri olan maarifçilik bütün proqramlarda ön planda dayanmalıdır: “Amma əfsuslar olsun ki, bizim televiziyalar bəzən bunu unudur. Süni reytinqə qaçmaq adı ilə efirdə hər nə gəldi, göstərirlər. Maarifçilik arxa plana keçir, bəzən isə tamamilə unudulur. Efirlərdə yolverilməz ifadələr gedir. Televiziyalarda qeyri-etik, təhqiramiz ifadələrin, əxlaqsız sözlərin, yanaşmaların kökü tamamilə kəsilməlidir. Proqramlarda istər açıq, istərsə də üstüörtülü şəkildə belə sözlərin verilməsi yolverilməzdir. Əfsuslar olsun ki, bəzi kanallarda belə yolverilməz hallar müşahidə olunmaqdadır”.
MTRŞ sədrinin müavini qeyd edib ki, efiri qarşılıqlı söyüş, dava-dalaş meydanına çevirmək olmaz: “Danışığını bilməyən, yetənə-yetən, yetməyənə daş atan insanları efirə buraxmaz düzgün deyil. Belə qalmaqallı şoularla efiri doldurmaq və ya süni surətdə reytinq qazanmaq yolunu tutanlar ciddi şəkildə yanılırlar. Televiziyanı 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən konveyerə bənzətmək olar. Təbi ki, fasiləsiz iş prosesində, xüsusən də canlı efir zamanı bu və ya digər xırda səhvlərin olması qaçılmazdır. Əsas olan odur ki, səhvlər xarakter etibarilə ciddi olmasın. Qanun pozuntuları bilərəkdən və məqsədli şəkildə edilməsin, davamlı olaraq təkrar olunmasın, mümkün qədər bunların qarşısı tez alınsın. Televiziyada bütün bu məsələlər izlənməli, efirə cavabdeh insanlar daima buna nəzarət etməlidirlərr”.
Q.Cəbiyev bildirib ki, bu və ya digər məsələlərlə bağlı mütəmadi olaraq televiziya nümayəndələri ilə görüşülür, onlara müəyyən müzakirələr aparılır. Onun sözlərinə görə, məsələlər ciddiləşəndə bunlar xüsusi müzakirə predmetinə çevrilə, onlarla bağlı qanun çərçivəsində müəyyən işlər görülə və ya müvafiq qərarlar verilə bilər.
Tanınmış televiziya mütəxəssisi, professor Qulu Məhərəmli də telekanalların bu gündə olmasının anlaşılan olduğunu bildirir və bu məsələdə MTRŞ-nın gücsüz olduğu qənaətindədir. Fürsətdən istifadə edib həmkarımızdan telekanallarda yayımlanan qeyri-etik verilişlərə görə tamaşaçının məhkəməyə müraciət edib kanal rəhbərliyindən təzminat tələb etməsinin hüquqi baxımdan nə dərəcədə mümkün ola biləcəyini də soruşduq. Moderator.az-a açıqlamasında professor bunları söylədi:
“Əlbəttə, MTRŞ-nin xəbərdarlığı tamaşaçı həyəcanını ifadə etmək baxımından təqdirəlayiqdir, lakin telekanalların bu xroniki xəbərdarlıqlara məhəl qoymaması məyusedicidir. MTRŞ qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində davranır, tövsiyyələr nəzərə alınmayanda xəbərdarlıq edir. Yəni bu qurum telekanallarla dava aça bilməz. Burada söhbət TV-lərin son illərdə xeyli bozarmış yayım siyasətindən gedir. Nuşirəvan bəyin bu siyasətə təsir edib dəyişməsi hüquqi cəhətdən imkansızdır, çünki formal da olsa bizdə telekanallar müstəqildir və MTRŞ onların yayım siyasətinə müdaxilə edə bilməz. Digər tərəfdən , belə görünür ki, TV-lərin bu gündə olması kimlər üçünsə çox sərfəlidir. O ki, qaldı adi vətəndaşın hansısa TV ilə bağlı iddia qaldırmasına, qanun bunu heç kimə qadağan etmir, bu şərtlə ki, iddiaçı nədən zərər çəkdiyini hüquqi baxımdan ciddi şəkildə əsaslandırmış olsun. Dünya təcrübəsində TV və qəzetlərə belə iddiaların qaldırılması ilə bağlı xeyli misallar var.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO