Azərbaycanda seçki öncəsi həbs edilən Pərviz Həşimlinin atası Kamran Həşimov oğlunun qurama ittihamlarla həbs edilməsinə etiraz olaraq iki dəfə mətbuat konfransı keçirsə də üz tutduğu ünvanlardan hər hansı cavab ala bilmədiyindən narazılığını növbəti dəfə mətbuat vasitəsilə dilə gətirib. Moderator.az-a ünvanladığı bu dəfəki müraciətində Kamran Həşimov Baş Prokurordan oğlunun cinayət işinin istintaqının MTN_dən alınaraq prokurorluğa verilməsini xahiş edir:
“MTN-də
oğlumula bağlı istintaq hərəkətlərinin düzgün aparılması üçün Baş Prokurorluğa
müraciət etsəm də bu günə kimi heç bir müsbət cavab almamışam. Amma Azərbaycan
Respublikasının Baş Prokuroru Orxan Zeynalovun Rusiya Federasiyasının vətəndaşı
Yeqor Şerbakovun qətlində təqsirləndirilməsi ilə əlaqədar başlanmış cinayət
işinin istintaqının cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq
normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması
ilə bağlı hadisədən dərhal sonra Rusiya Federasiyasının Baş prokuroruna və
Rusiya Federasiyası İstintaq Komitəsinin sədrinə müraciət etməyi lazım bildi.
Prokurorluğun insan ölümündə adı hallanan bir Azərbaycan vətəndaşının
müdafiəsinə qalxaraq bəyanat verməsi məndə bu quruma və onun rəhbərinə qarşı
səmimi hüsn-rəğbət yaradıb. O da Azərbaycan oğludur, biz hamılıqla onu müdafiə
etməliyik. Ancaq bu zaman haqlı sual ortaya çıxır, bəs Pərviz Həşimli Azərbaycan
oğlu deyil? Rusiyada siyasi maraqlar üçün milli münaqişə yaradan xüsusi xidmət
orqanları hətta azərbaycanlıları həbs edərkən onların ciblərinə nə narkotik
maddə, nə də silah-sursat qoyaraq şərləmədilər. İki aydır sərhəd qoşunlarının komandanlığına müraciət
etmişəm ki, MTN adlı bir qurum ölkə sərhədinin pozulduğunu iddia edir. Bu silah qaçaqmalçılığında adı keçən
ərazidə baş verən sərhəd pozulması ilə bağlı cavabdeh qurumun məsuliyyət
daşıması, eləcə də xidmət sahəsinin hərbi qulluqçularına cinayət işi
qaldırılıb-qaldırılmaması barəsində yazılı müraciət etməyimə baxmayaraq heç bir
cavab verilməyib. Jurnalist Pərviz Həşimli MTN-nin İstintaq təcridxanasında
mənəvi, psixoloji təzyiqlərə məruz qalmaqla onunla hərbi əsir kimi davranıldığı
barədə mətbuatda vəkilləri də çıxış etmişdilər. Mən bir ata kimi oğlumun həbsi
zamanı hüquqazidd hərəkətləri qəti şəkildə pisləyərək, tutularkən onun
təqsirsizlik prezumpsiyasının pozulması, həmçinin cinayət işinin istintaqının
həm Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müvafiq
tələbləri və beynəlxalq konvensiyaların tələbləri gözlənilməklə hüquqi
müstəvidə araşdırılması barədə dəfələrlə Prezidentə ,Baş Prokurorluğa, eləcədə
müxtəlif qurumlara çoxsaylı müraciətlər etsəm də bu günə kimi heç bir nəticəsi
olmayıb.
Hörmətli Prokuror!
MTN-nin 17.09.2013-cü il tarixdə Pərviz
Həşimlinin yaşadığı evdə keçirmiş olduqları əməliyyat axtarışı zamanı ona
məxsus olan əmlakın qəsdən məhv edilməsi barəsində yazmış olduğum şikayət
ərizəsinə bu günə kimi niyə cavab vermirsiniz? Nə üçün prokurorluq MTN-dən
sorğu-sual etmir ki, yaşayış sahəsinə daxil olan zaman əməliyyatı kobud qanun
pozuntusu ilə keçirib? Niyə əməliyyat zamanı təhlükəsizlik baxımından həyətdə
və evin giriş qapısında quraşdırılmış müşahidə kameraları dərhal sındırılaraq
aparılıb? Bununla da vətəndaşa qəsdən külli miqdarda ziyan vurulmasına görə kim cavabdehlik
daşıyır? Bu hərəkətlər qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət
tərkibi yaradır. Ölkəmiz MTN istintaq təcridxanasının ləğv edilməsini tələb
edən Birləşmiş Millətlər Təşkilatının tələblərinə bu günə kimi əməl etmir. Bu
gün konstitusion hüquqlarımızın pozulması bir daha sübut edir ki, Prokurorluq orqanı
ya MTN-dən asılı vəziyyətdə qalıb, ya da sadəcə qanuna müvafiq olaraq təxirəsalınmaz
tədbirlər görməkdən yayınır. Əgər bu belə deyilsə İstintaqa Prosessual
rəhbərliyi birbaşa həyata keçirməli olan Prokurorluq orqanı niyə tələblərimizi
təmin etmir? Əgər biz demokratik, hüquqi, sivil cəmiyyətdə və qanunun aliliyi
prinsiplərinə riayət edilən bir məmləkətdə yaşayırıqsa nədən oğlumun cinayət
işi narazı qaldığımız MTN-dən alınıb məhz Prokurorluqda aparılmır? Sonda bir
Azərbaycan müəllimi kimi deyirəm ki, 20 ildir torpaqlarımıza qayıtmaq arzusu
ilə yaşasaq da bu bizə nəsib olmadı. Qismətimizə torpaq əvəzinə çətinliklə
boya-başa çatdırdığımız və təhsil verdiyimiz övladımızın MTN tərəfindən şərlənərək
həbs edilməsi düşdü. Bir sözlə, yağışdan çıxıb yağmura düşdük”¦









































































































