Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərin 8-ci mikrorayon ərazisindəki yolları təmir etdirmək üçün bu ərazidə fəaliyyət göstərən iş adamlarından “yol pulu” tələb edir.
Bu barədə Moderator.az saytını məlumatlandıran özəl mənbənin sözlərinə görə, icra başçısı sözügedən ərazidə yolların düzəldilməsini iş adamlarının şəxsi vəsaiti hesabına həyata keçirmək niyyətindədir: “İcra başçısı sıradan çıxan yolların təmiri üçün sahibkarlardan bəlli miqdarda vəsait ayırmağı tələb edir. Sahibkarlar isə hesab edir ki, icra başçısının şəhərin yol-təsərrüfat sistemini iş adamlarının vəsaiti hesabına, sahibkarlara basqı yolu ilə bərpa etmək cəhdi doğru deyil. İş adamlarının sözlərinə görə, bu günə qədər şəhərin abadlaşdırılmasında Sumqayıt sahibkarlarının kifayət qədər xidməti olsa da, onların vəsaiti hesabına həyata keçirilən işlər icra hakimiyyətinin xidməti kimi təqdim olunub. Hazırda şəhərin 8-ci mikrorayon ərazisindəki yolların təmirinə sahibkarların basqı yolu ilə cəlb edilməsi cəhdi də, icra başçısının ənənəvi siyasətinin davamıdır və yəqin ki, qısa müddətdən sonra bu çağırışa müsbət mənada cavab verməyən sahibkarların sıxışdırılması prosesinə start veriləcək”.



























































































