
Prezident İlham Əliyev cavabında Bəhramın təklifini bəyəndiyini deyib. Dövlət başçısı qeyd edib ki, Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub.xa0
"Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılıb. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərib. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş edib ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın. Ümumiyyətlə, mən sənin fəaliyyətini izləyirəm. Sən şəhərimizin inkişafı, tarixi mirasımızın qorunması ilə bağlı çox fədakar, çox böyük iş aparırsan. Mən izləyirəm, təqdir edirəm və sənə bu işdə yeni uğurlar arzulayıram". (azvision.az)

































































































