Avtomobil nəqliyyatı veteranından Ramin Quluzadəyə MÜRACİƏT...

Avtomobil nəqliyyatı veteranından Ramin Quluzadəyə MÜRACİƏT...

Hazırda oxunan: Avtomobil nəqliyyatı veteranından Ramin Quluzadəyə MÜRACİƏT...

248101
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Cənab R.N.Quluzadəyə

M Ü R A C İ Ə T

Hörmətli Ramin müəllim,

Hələ mənim işlədiyim sovetlər vaxtı avtomobil nəqliyyatı işçilərinin Günü keçirilirdi. Hər ilin oktyabr ayının sonuncu həftəsinin bazar günündə avtomobil nəqliyyatı işçilərinin bayramı qeyd edilirdi. Həmin gün bu sahənin işçiləri paytaxtın teatr və ya konsert salonlarından birinə yığışıb öz peşə bayramlarını qeyd edirdilər. Burada respublikanın Avtomobil Nəqliyyatı Nazirliyinin keçən dövrdə görülən işləri təhlil edilir, qarşıdakı il üçün fəaliyyət proqnozları müəyyən edilirdi. Sahənin qabaqcıl sürücü, çilingər, mühəndis-texniki işçiləri mükafatlandırılır, tədbir incəsənət ustalarının iştirakı ilə konsertlə yekunlaşırdı.

Ümummilli liderimiz Heydər Əliyevin müstəsna fəaliyyəti nəticəsində respublikamız öz müstəqilliyinə qovuşduqdan sonra onun təşəbbüsü ilə ayrı-ayrı peşələrin işçi və mütəxəssislərinin peşə Günləri rəsmi dövlət səviyyəsində keçirilməyə başladı. Onun bu qiymətli təşəbbüsü ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daha da canlandırıldı. Hazırda Respublikamızda demək olar ki, o sahə yoxdur ki, onun işçi və mütəxəssislərinin peşə bayramı keçirilməsin. Təhsil, səhiyyə,n mədəniyyət, sənaye, nəqliyyat, tikinti, kənd təsərrüfatı, dövlət qulluğu işçilərinin Günləri dövlət səviyyəsində qeyd edilir və bu sahələrin işçiləri fəxri adlar, orden və medallarla təltif edilirlər.

Bildiyimiz kimi nəqliyyat çoxşaxəli bir sahədir. Hazırda respulikamızın bu sahədə fəaliyyət göstərdiyi Azərbaycan Dəmir Yollarının, Xəzər Gəmiçiliyinn və Azərbaycan Hava Yolları işçilərinin Günləri müstəqilliyimizin keçən hər ilində dövlət səviyyəsində qeyd edilir. Belə bir halda çoxsaylı insanın fəaliyyət göstərdiyi avtomobil nəqliyyatı işçilərinin peşə Gününün indiyədək bərpa olunmaması məni, bu sahənin qocaman bir əmək veteranı kimi çox məyus edir.

Baxın, hər gün, hər səhər sübh vaxtından gecəyə qədər Bakının küçələrində şütüyən “Bakı Bus”-un qırmızı rəngli müasir avtobuslarında fəhlələr, tələbələr, şəhər əhalisi və turistlər bu avtobuslari idarə edən sürücülərin işindən çox razılıq edirlər. Eləcə də başqa avtobus daşıyıcılarının şəhər və onun ətraf qəsəbələrə sərnişin daşınması, respublikanın bütün şəhər və rayon mərkəzlərində daxili və şəhərlərarası marşrutlarla sərnişin daşınmasını həyata keçirən bu insanların əməyi qiymətləndirilməlidir. Hər gün Bakı Beynəlxalq Avtovağzalından respublikanın bütün şəhərlərinə, Rusiya Federasiyasının, Gürcüstanın, qardaş Türkiyə, qonşu İran-İslam Respublikasının şəhərlərinə sərnişin avtobusları yola düşür.

Paytaxtın Heydər Əliyev adına hava limanında düşən turistləri ilk növbədə taksi sürücüləri qarşılayıb şəhərə gətirir, onlara paytaxt haqqında tanışlıq verir və otele çatdırırlar.

Hələ yük daşınmasında avtomobil nəqliyyatının xidməti xüsusi qeyd edilməlidir. Yaxşı yadımdadır, 7-8 il bundan əvvəl Kür çayının Sabirabad və digər rayonlarda daşqınları vaxtı gecə-gündüz böyük tonnajlı özüyükünüboşaldan avtomobillərlə sürücülər yorulmadan Bakıdan ora bənd çəkilməsi üçün beton qaya parçalarını daşıyırdılar. Nəqliyyatın bu növünün çox çevik mobil olması səbəbindən ondan xalq təsərrüfatının bütün sahələrində, xüsusilə tikinti materiallarının, kənd təsərrüfatı məhsullarının daşınmasındakı rolu çox önəmlidir. Bütün bu nəqliyyat növünü idarə edən çoxsaylı sürücü ordusunun, sahənin digər işçilərinin əməyi əlbəttə lazımınca qiymətləndirilməlidir.

Bu sahənin veteranı kimi, mən vaxtilə 2000-ci illərin əvvəllərində Respublika Nəqliyyat naziri işləyən Ziya Məmmədova rəsmi müraciət edərək Avtomobil Nəqliyyatı işçilərinin Gününün təsis edilməsini dövlət rəhbərliyi qarşısında qaldırmağı xahiş etmişdim. O, mənim yazılı müraciətimi baxılmaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinə göndərdi. Çox təəssüflər olsun ki, bu müraciətim Xidmətin kağızları arasında itib batdı.

Hörmətli cənab nazir,

Mən inanıram ki, Siz bu məsələni rəsmi halda qaldırsanız, Respublikanın Prezidenti, zati aliləri İlham Əliyev təsərrüfatın bu mühüm çoxsaylı kadr ordusunu sevindirərək Avtomobil Nəqliyyatı işçilərinin Gününün təsis edilməsi barədə xüsusi Sərəncamı imzalayacaq.

Ölkə Prezidentinə və Sizə avtomobil nəqliyyatının qocaman veteranı kimi öncədən səmimi qəlblə təşəkkür edirəm.

Avtomobil nəqliyyatının qocaman veteranı, mühəndis Akif Muxtarov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO