Bu gün aprel döyüşlərində ağırxa0 yaralanaraq üç ay komada qaldıqdan sonra şəhid olan gizir Rahim Tağıyevin şəhadətindən iki il ötür. Rahim Tağıyev 1979-cu il noyabrın 10-da Şəki şəhərində anadan olub. Şəhidimizin bir qız və iki oğlu yadigar qalıb: Ülkər, Nihat, Nicat.xa0
Şəhidimizin həyat yoldaşı Vüsalə Tağıyeva bu gün keçiriləcək il mərasimi ilə bağlı Moderator.az-a açıqlamasında ötən bu iki il ərzində çox əziyyət çəkdiklərini bildirib:
“Ötən ilin bu günü Rahimin şəhid xəbərini eşidəndə elə bil dünya başıma yıxıldı. Ona qədər ümidim var idi ki, Rahim ayağa qalxacaq, amma olmadı. Mən heç vaxt bir işin arxasıyca getməmişdim, hər şeyi o, özü edirdi. Rahim şəhid olandan sonra ən çox onu düşündüm ki, mən təkbaşına bu işlərin öhdəsindən necə gələcəm. Çox aciz biri olduğunu düşünürdüm. Amma bu iki il ərzində nə qədər güclü bir qadın olduğumu gördüm. Allah elə bil bu işlərin öhdəsindən gəlmək üçün mənə güc verdi. Bu gün ikinci il mərasimidir. Yenə də hər şey mənim üzərimə düşdü. Çalışıram ki, Rahimin adının yaşatmaq üçün nə mümkünsə, onu da edim”.
Vüsalə xanım deyib ki, gördüyü işlərdən biri də şəhidimizin adına tikilən bulaqdır:
“Yaşadığımız binanın qarşısında Rahimin adının yaşaması üçün şəhid bulağı tikdik. Düzdü, bu işə mane olmaq istəyənlər də oldu, amma sağ olsunlar dostların köməyi nəticəsində bulağın tikintisini həyata keçirdik. Artıq şəhid bulağından insanlarımız su içib, şəhidlərimizin ruhuna dualar oxuyurlar. Arzum odur ki, uşaqları yerbəyer edəm. Qızım həkim olmaq istəyir, indi dərslərinə çox güclü hazırlaşır. Oğlum hərbçi olmaq istəyir”.
Xatırladaq ki, aprelin 2-də ağır yaralanan gizir Rahim Tağıyev Silahlı Qüvvələrimizin Baş Klinik hospitalında 3 ay 7 gün koma vəziyyətində qaldıqdan sonra iyulun 10-da şəhid olub. Ölümündən sonra şəhid gizir Rahim Tağıyev “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.xa0
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!



Vasif Əlihüseyn





































































































