Müsavat Partiyasının başqanı Arif Hacılı cəbhə bölgəsində hərbi eskalasiyanın şiddətlənməsi ilə bağlı sosial şəbəkədə status paylaşıb. Moderator.az partiya başqanının statusunu təqdim edir:
"Tərtər, Füzuli və digər bölgələrimizdə yaranan hərbi gərginliklə bağlı vəziyyəti narahatlıqla izləyirik.
Bu məsələlər bu gün Müsavatın Məclisində də ətraflı müzakirə olundu. Məlumat mübadiləsi apardıq, hərbi əməliyyatlar şəraitində üzərimizə düşən görəvləri bir daha dəqiqləşdirdik.
Məclisin toplantısına Tərtərdən olan nümayəndələrimiz qatılmamışdılar. Onlar indiki məqamda rayondan çıxa bilməzdilər. Bizimlə yalnız telefonla əlaqə qurub, baş verənlərlə əlaqədar bizi məlumatlandırır, rayon ərazisində öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
Müsavat Partiyası olaraq Ordumuza uğurlar arzulayırıq. İstər döyüş əməliyyatlarında iştirak etmək, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza hər cür dəstək verməyə, xalqımızın səfərbərliyi üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq.
Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Vətən sağ olsun!"






































































































