İnsanların xarakter xüsusiyyətlərinin yetkinlikdən sonra demək olar ki, dəyişmədiyi düşüncəsi yeni araşdırma ilə şübhə altına alınıb. Alimlər müəyyən ediblər ki, insanın xasiyyəti həyat boyu düşündüyümüzdən daha çox dəyişə bilər.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, “Communications Psychology” jurnalında dərc olunan araşdırmanın ilk mərhələsində 887 ABŞ sakini insan xarakterinin beş əsas xüsusiyyətini – ünsiyyətcillik, uyğunlaşma, məsuliyyətlilik, emosional həssaslıq və yeniliyə açıqlığı – digər həyat göstəriciləri ilə müqayisə edərək nə dərəcədə dəyişkən hesab etdiklərini qiymətləndiriblər.
Daha sonra alimlər ABŞ, Almaniya, Avstraliya və Niderlandda aparılmış səkkiz uzunmüddətli araşdırmanın nəticələrini təhlil ediblər. Bu araşdırmalar ümumilikdə 166 971 insanın illər ərzində xarakterində baş verən dəyişiklikləri izləyib.
Nəticələr göstərib ki, insan xarakterinin əsas xüsusiyyətləri ilbəil və ömür boyu digər həyat göstəriciləri qədər dəyişə bilir. Məsələn, məsuliyyətlilik xüsusiyyəti yeniyetməlik dövründə 90 yaşda olduğu kimi qalmır.
Bəzi hallarda xarakterdəki dəyişikliklər həyat məmnunluğu, gəlir və sağlamlıq kimi daha dəyişkən hesab etdiyimiz göstəricilərdəki dəyişikliklərdən də çox olub. İnsanlar isə bu dəyişikliklərin miqyasını ciddi şəkildə az qiymətləndiriblər. İllər üzrə dəyişikliklə bağlı insanların təxminləri 90 faiz hallarda, ömür boyu dəyişikliklə bağlı isə 100 faiz hallarda reallıqdan aşağı olub.
Araşdırma insanların “mən eləyəm, xasiyyətim belədir” düşüncəsinə də fərqli yanaşmağa əsas verir. Alimlərin fikrincə, xarakter dəyişiklikləri adətən birdən-birə baş vermir və tədricən formalaşır.
Tədqiqatçılar qeyd edirlər ki, araşdırma əsasən böyük qruplar üzrə orta dəyişiklikləri əhatə edib. Buna görə də konkret bir insanın xarakterinin hansı istiqamətdə və nə qədər dəyişəcəyini bu nəticələr əsasında dəqiq demək mümkün deyil.
Bizim.Media






































































































