1993 - cü il sentyabrın 21 - də Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin Bakının İstiqlal küçəsində yerləşən böyük iclas salonunda Heydər Əliyevlə ziyalıların görüşü keçirildi. Görüş o qədər də rəsmi xarakter daşımırdı. Heydər Əliyev çıxışdan çox, səmimi söhbətə üstünlük verdi, bütün məsələlərdən açıq danışdı. Azərbaycan ziyalıları növbəti dəfə onun müdrikliyinə, uzaqgörənliyinə, fenomenal yaddaşına heyran qaldılar. Heydər Əliyevlə görüşə dəvət olunan azsaylı ziyalılar arasında olduğuma görə özümü xoşbəxt sanırdım. Bu böyük insanla növbəti görüş məni mənəvi cəhətdən daha da zənginləşdirmişdi...
...Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi, qardaş qırğınının qarşısını aldı, cəbhə xəttində atəşkəsə nail oldu, ölkənin iqtisadi dirçəlişi üçün tarixi müqavilələr imzaladı. Artıq Azərbaycanın müstəqil siyasət yeritdiyinə heç kəsin şübhəsi qalmamışdı. Ölkənin cənubunda və şimalında baş verən hadisələr də səngidi. Separatçılar və onların ideoloqları Heydər Əliyev müdrikliyinin qarşısında aciz qaldılar. Bir - neçə il ərzində sanki bir əsrlik yol keçildi. Mən çox xoşbəxtəm ki, müstəqilliyimizin ilk illərində baş verən hadisələr məhz "Səhər" qəzetinin səhifələrində öz əksini tapırdı. Bizim qəzet bir sıra hadisələri qiymətləndirmək üçün bu gün də ən etibarlı, bəlkə də yeganə istinad mənbəyidir. Ancaq nə qədər qiymətli olsa da, qəzet - elə qəzetdir. Bütün qəzetlərin bir günlük ömrü var, sonra bir şey büküb atırlar. Qəzet yalnız arxivlərdə, kitabxanalarda uzun müddət saxlanılır. Bəs necə edək ki, Heydər Əliyevin müstəqilliyimizin ilk illərində atdığı addımlar verdiyi qərarlar, göstərdiyi səylər bir mənbədə öz əksini tapsın? Bu suala qələm dostum, "Səhər" qəzetinin redaktor müavini, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovla birgə cavab axtardıq.
Tanıyanlar yaxşı bilirlər, fenomenal yaddaşa, sabit vətəndaşlıq mövqeyinə, bənzərsiz rəsmi üslubuna, yorulmaz fəaliyyətinə görə Şakir Yaqubovun əvəzi yoxdur. Xeyli söhbətdən sonra Şakir dedi: - Gəl, sənədli xronika janrında iri həcmli bir kitab hazırlayaq. Elə edək ki, Heydər Əliyev şəxsiyyəti bu kitabın ana xəttini təşkil etsin. Hadisələrə heç bir müdaxiləmiz, şərhimiz olmayacaq. Məncə, belə bir kitab uzun illər keçəndən sonra da etibarlı informasiya mənbəyi olaraq qalacaq, tarixçilərimizin, siyasətçilərimizin, tələbələrimizin, bir sözlə, Heydər Əliyev irsinə maraq göstərənlərin hamısının stolüstü kitabına çevriləcək...
Şakir Yaqubovun təklifini dərhal qəbul etdim. Ancaq eyni vaxtda həm kitab hazırlamaq, həm də rus və Azərbaycan dillərində gündəlik qəzet nəşr etmək asan iş deyildi. Bunun da yolu tapıldı: Mən xüsusi əmr hazırlayıb "Səhər"in nəşrini qeyri - müəyyən müddətə, yəni kitab nəşr olunanadək dayandırdım. Bütün yaradıcı və texniki işçilər kitabın hazırlanması prosesinə cəlb olundu. Bu barədə mən 1995 - ci ildə dərc etdirdiyim "Bu, "Səhər"in kitabıdır" adlı qeydlərimdə ətraflı söhbət açmışam.
Şakir Yaqubov kitabın adını belə qoymuşdu: "Heydər Əliyev: Vətəndaş yanğısı üstəgəl siyasətçi çevikliyi və prezident qətiyyəti". 1000 səhifəlik kitab Prezident Administrasiyasında, hümanitar siyasət şöbəsində də də müzakirə olundu, baş məsləhətçimiz Rafiq Xələfov bu barədə Heydər Əliyevə məlumat verdi və onun tövsiyələrini bizə çatdırdı. Kitabın adını dəyişib "Qətiyyətin təntənəsi" qoyduq və çap olunmaq üçün mətbəəyə göndərdik. Yüksək tirajla nəşr olunan kitabın çap xərcini Rafiq Xələfov öz üzərinə götürdü...
...1995 - ci ilin yayında televiziya ilə Heydər Əliyevin Fransaya səfərini əks etdirən süjetləri izləyərkən gördük ki, prezidentimiz "Qətiyyətin təntənəsi" kitabını Azərbaycan diasporunun tanınmış nümayəndələrinə təqdim edir. Həqiqətən hədiyyəlik kitab idi...Biz bu kadrlara baxıb iftixar hissi keçirirdik!..
Qəzetlərdə resenziyalar dərc olunur, kitab haqqında geniş rəylər verilirdi. Bizi məmnun edən o idi ki, Heydər Əliyevin irsinin öyrənilməsinə layiqli töhfə verə bilmişdik...
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

































































































